Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın nümayəndəsi general Kit Kellog ilə görüşündən sonra rəsmi hesablarında açıqlama yayıb.
Bakupost.az xəbər verir ki, Zelenski paylaşımında görüşə görə təşəkkür edərək bildirib:
“General Kellog! Görüş və komandamızla birgə iş üçün təşəkkür edirəm. Prezident Tramp bu gün Ukraynanı və digər Avropa ölkələrini Vaşinqtona dəvət edib. Bu, ilk dəfə belə bir formatda keçiriləcək görüşdür və çox ciddi əhəmiyyət daşıyır. Avropada bir ölkə üçün sülhdən danışılırsa, deməli bütün Avropa üçün sülhdən söhbət gedir. Biz maksimum səy göstərərək müharibəni bitirmək və etibarlı təhlükəsizliyi təmin etmək üçün çalışmağa davam etməyə hazırıq. Bu, əsas məsələlərdir”.
Ukrayna lideri əlavə edib ki, ötən gecə Rusiya ordusunun şəhərlərə hücumları davam edib, nəticədə uşaqlar da daxil olmaqla mülki şəxslər həlak olub və onlarla insan yaralanıb:
“İnsanlar sadəcə evlərində yatırdılar ki, rus ordusu şəhərlərə zərbələr endirdi. Biz döyüş meydanındakı vəziyyəti və diplomatik imkanlarımızı müzakirə etdik. Ukrayna və bütün Avropa Amerikayla birlikdə güclü diplomatik potensiala malikdir. Rusiyanı sülhə yalnız güc vasitəsilə məcbur etmək olar və Prezident Tramp bu gücə sahibdir. Biz hər şeyi düzgün etməliyik ki, sülh gerçək olsun”.