Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsində istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən şəxslərə qarşı kiberpolis tərəfindən əməliyyat-texniki tədbirlər davam etdirilir.
Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin məlumatına görə, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) növbəti əməliyyatında daha 8 nəfər – Dilqəm Umudov, Nurhəsən Balayev, Sərvər Məmmədov, Zaur Məmmədzadə, Atabala Qarayev, Elçin İsgəndərov, Fərid Qədirov və Coşqun Cəfərli saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartlar cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsasən “Telegram” kanallarında ölkə xaricindən idarə olunan onlayn qumar təşkil edən şəxslərə satılıb. Əməliyyat zamanı şübhəlilərin əldə etdikləri yüzlərlə bank kartının bu və digər cinayətlərdə istifadə edildiyi aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur.