Kiberpolisdən ŞOK ƏMƏLİYYAT: Bu şəxslər saxlanıldılar - VİDEO
228
Son illər qanunsuz onlayn kazino və qumar oyunlarının qlobal internet məkanında geniş miqyasda yayılması halları müşahidə olunur. Sosial şəbəkələrdə "asan qazanc", "bonus", "pulsuz balans" kimi vədlərlə təqdim olunan bu platformalar minlərlə insanı qanunsuz əməllərə sövq edir.
Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Xüsusilə sosial media vasitəsilə yayılan reklamlar təhlükənin miqyasını daha da artırır. Nəticə isə əksər hallarda ciddi maddi ziyan, psixoloji asılılıq və qanunvericiliyə əsasən cinayət məsuliyyəti ilə yekunlaşır.
Bir çox ölkələrdə hüquq-mühafizə orqanları artıq qanunsuz onlayn kazino şəbəkələrinə qarşı mübarizəni gücləndirib. Bu məqsədlə kibermonitorinq sistemləri təkmilləşdirilib, şübhəli maliyyə əməliyyatlarına nəzarət artırılıb. Azərbaycanda isə qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı analoji mübarizə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən qətiyyətlə aparılır.
Kiberpolisin keçirdiyi sonuncu əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha dörd nəfər - Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə onlara ölkə ərazisində qanunsuz kazino oyunlarını təşkil etmək imkanı yaradıb.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartı, mobil nömrələr və digər texniki vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki şəxs barəsində başlanan cinayət işi üzrə isə müvafiq istintaq hərəkətləri davam etdirilir.
DİN vətəndaşları bir daha qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırır. Unutmaq olmaz ki, təkcə qanunsuz kazino oyunlarının təşkili yox, həmin oyunlarda iştirak etmək də hüquqi məsuliyyət yaradır.