Son günlər Rusiyada “Telegram”ın süni şəkildə daha da yavaşladılacağı və yaxın perspektivdə tam bloklanacağı ilə bağlı elanlar demək olar ki, hər kəsi təşvişə salıb.
Bakupost.az bir vaxtlar Kremldə, daha dəqiq Rusiya Prezident Administrasiyasında (PA) işləyən və Putinin çıxış mətnlərini hazırlayan, politoloq Abbas Qəlləmova istinadən xəbər verir ki, bu narahatlıq hətta platformada möhkəmlənmiş Z-hərbi bloqerlərini də əhatə edir. Onlar bir ağızdan bildirirlər ki, “Telegram” bağlanarsa, “Roskomnadzor” təkcə rusiyalıları yalnız senzuralı informasiya ilə üz-üzə qoymayacaq, eyni zamanda Rusiya Silahlı Qüvvələrinin öz hərbçiləri üçün də əsas rabitə vasitəsini sıradan çıxaracaq.
Bu baxımdan bloklama qərarı, ən azı, mübahisəli görünür. Bütün bunlara baxmayaraq, qərar yenə də qəbul ediləcək.
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko bu addımı irəli sürən əsas fiqurdur. O, daxili siyasətin kuratoru olsa da, zərurət olmadan vintləri sıxmağa meyilli deyil. Bunun üç əsas səbəbi var.
Birincisi, o, anlayır ki, repressiyaların gücləndirilməsi onun şəxsi mövqelərini möhkəmləndirməyəcək. Bu prosesin əsas benefisiarı Federal Təhlükəsizlik Xidməti (FSB) olacaq, çünki repressiyaları Prezident Administrasiyasının siyasi bloku yox, məhz çekistlər həyata keçirir. Bu, pomidor satan birinin bütün reseptlərdə pomidorun olmasını istəməsinə bənzəyir. Təbii ki, o, məhz “pomidorlu” reseptləri təklif edəcək. Ümumilikdə Kiriyenko siyasi həllərin tərəfdarıdır, hamını həbs edək və hər şeyi qadağan edək yanaşmasını qəbul etmir.
İkincisi, unutmaq olmaz ki, Kiriyenko çekistlər üçün yad fiqurdur. Onlar ona güclə dözürlər və Kiriyenko bunu çox yaxşı bilir. Belə olan halda niyə öz rəqiblərinin dəyirmanına su töksün?
Üçüncüsü isə Kiriyenko kifayət qədər təcrübəlidir və Prezident Administrasiyası rəhbərinin müavini kreslosuna oturan daha sadəlövh bir adamda yarana biləcək illüziyalara qapılmır. Təcrübəsiz biri düşünə bilərdi ki, repressiya mexanizmini işə salacaq, amma özü bu mexanizmin qurbanı olmayacaq. Kiriyenko isə bilir ki, bu mexanizmdən sıyrılıb çıxmaq mümkün deyil – gec-tez növbə ona da çatacaq. Təcrübə insanı öz imkanları ilə bağlı illüziyalardan xilas edir.
Lakin bu qaydanın istisnaları da var. Onlardan biri – “Telegram”dır. Kiriyenko bu messencerin bloklanmasını israrla irəli sürür. Hətta sadəcə bloklamağı yox, “Telegram”ın “ekstremist” elan edilməsini tələb edir. Niyə?
Çünki onun oğlu Vladimir Kiriyenko “Telegram”ın birbaşa rəqibi olan “Max” adlı messencer layihəsini idarə edir.
“Max” uğur qazana bilmir, “uçmur”. Ata da çalışır ki, oğluna kömək etsin. Ənənəvi ailə dəyərlərinin qalib gəldiyi ölkədə başqa cür ola da bilməz.
Qoy sərhədyanı regionların qubernatorları desinlər ki, “Telegram” olmadan atəşlər barədə xəbərdarlıq sistemləri işləmir. Qoy hərbi müxbirlər əlaqəsiz qalan hərbçilər üçün fəryad etsinlər. Qoy “Baza” və “Mash” kimi loyal, Kovalçuklara yaxın media qurumları auditoriya itirmək riskindən şikayətlənsin. Qoy hamı başa düşsün ki, bu addımlar “Telegram”dan əsasən rejim tərəfdarlarının getməsinə səbəb olacaq, müxalifət və onların auditoriyası isə platformada qalacaq.
Oğul naminə hətta çekistlərin gözündə riskə getmək də olar. Onsuz da Putinə vintlərin sıxılması xoş gəlir və hətta çekistlər şikayət etsə belə, Kiriyenkonu həddi aşmaqda ittiham etməsi ehtimalı azdır. Onlar da etməyəcək. Axı vintlərin sıxılmasından şikayət edən çekist, çekist deyil, tam təmizlənməmiş gizli liberal sayılır.
Bəli, “Telegram”ın məhdudlaşdırılması ümumilikdə Rusiya dövlətinin qadağa siyasətinin məntiqinə uyğundur. Amma bu məntiq çərçivəsində prosesi ya sürətləndirmək, ya da yavaşlatmaq olar. Onu maksimum səviyyədə də həyata keçirmək olar, minimum səviyyədə də.
Bu halda isə məhz Kiriyenko hər şeyi maksimuma çatdırmaq ideyasının əsas lokomotivinə çevrilib. Şişirtmə olmaz ki, “Telegram”ı məhv etmək cəhdi abstrakt dövlət layihəsindən çox, konkret bir şəxsin – Sergey Kiriyenkonun layihəsidir. Bu layihə rejimin deyil, daha çox onun ailəsinin maraqlarına xidmət edir.
Cavid, BakuPost