Ru
15:53 / 01 Aprel 2026

“Kontakt Home”dan şikayətlər artır – Blogerdən ittihamlar - VİDEO

“Kontakt Home”dan şikayətlər artır –  Blogerdən ittihamlar - VİDEO
Eye

“Kontakt Home” mağazalar şəbəkəsindən alınan məhsullarla bağlı şikayətlər səngimək bilmir. Redaksiyamıza daxil olan müraciətlərdə və sosial şəbəkələrdə vətəndaşlar tez-tez məhsulların qüsurlu olduğunu, geri qaytarılmanın isə mümkün olmadığını bildirirlər.

Bakupost.az xəbər verir ki, şikayət edənlərdən biri də bloger Aygün Qabulovadır. O, sosial şəbəkə hesabında “Kontakt Home”dan aldığı məhsulla bağlı narazılığını ifadə edərək bildirib ki, ötən həftənin cümə günü mağazadan fen alarkən məhsulu yoxlamağa icazə verilməyib. Satıcı isə problem yaranacağı təqdirdə məhsulun geri qaytarılacağını vəd edib:

“Feni evdə işə salanda yanıq qoxusu gəldi, eyni zamanda cızıltılı səs eşidildi. Ertəsi gün məhsulu geri qaytarmaq üçün apardım, amma dedilər ki, bu mümkün deyil, çünki gigiyenik məhsuldur. İlk dəfədir eşidirəm ki, fen gigiyenik məhsul sayılır. Əgər belədirsə, bu barədə satış zamanı məlumat verilməli idi. Nə məlumat verilib, nə də çekdə qeyd olunub.

""Kontakt Home"un özbaşınalıqları ilə bağlı çox video görmüşdüm, amma bunun mənim başıma gələcəyini düşünmürdüm”.

Bloger qeyd edib ki, məsələ ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib və hazırda cavab gözləyir.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, uzun illərdir bu şirkətlə bağlı şikayətlər davam edir:

“Artıq 10 ilə yaxındır ki, “Kontakt Home”dan çoxsaylı şikayətlər daxil olur. Onların iş prinsipi belədir: “Pulunu verdin, itil cəhənnəmə”. Aqressiv və bəzən aldadıcı reklam kampaniyaları aparırlar – məsələn, “Başqa yerdə ucuz tapsan, 50 faiz endirim edəcəyik” kimi şüarlar.

Təəssüf ki, bizə daxil olan şikayətlərin təxminən 80 faizini danışıqlar yolu ilə həll edə bilirik, amma “Kontakt Home”la bağlı problemləri demək olar ki, həll etmək mümkün olmur. Rəhbərliyə müraciətlərimiz cavabsız qalır”.

E.Hüseynovun sözlərinə görə, bəzi hallarda istehlakçılar “gigiyenik məhsul” adı altında aldadılır:

“Nazirlər Kabinetinin 114 saylı qərarında dəyişdirilməyən malların siyahısı var. Fen bu siyahıya daxil deyil. Yəni belə məhsulların qaytarılması və ya dəyişdirilməsi mümkündür. Burada açıq manipulyasiya var”.

Sədr həmçinin Antiinhisar qurumunun fəaliyyətini də tənqid edib:

“Şikayətlər adətən quruma yönləndirilir, amma nəticədə vətəndaşlara “məhkəməyə müraciət edin” deyilir. Bu isə ən qeyri-effektiv və bürokratik yanaşmadır. Problem sistemli şəkildə həll olunmalıdır”.

E.Hüseynov əlavə edib ki, “Music Gallery” mağazası “Kontakt Home” tərəfindən alındıqdan sonra həmin brendlə bağlı da şikayətlər artmağa başlayıb. Onun sözlərinə görə, şirkətdə standartlara uyğun olmayan məhsulların satılması və geri qaytarılmanın mümkünsüzlüyü ciddi problem olaraq qalır.

Lalə, Bakupost.az



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar