Ru
18:44 / 18 Mart 2026

Maaşla bağlı bu qərar vətəndaşları incidə bilər - Ekspert

Maaşla bağlı bu qərar vətəndaşları incidə bilər - Ekspert
Eye

Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.

Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, belə bir addım büdcəyə qənaət edilməsi və sui-istifadə hallarının qarşısının alınması məqsədi güdsə də, bir sıra neqativ məqamlara da yol aça bilər:

“Dövlət qurumlarında, büdcə təşkilatlarında hər ay maaşları qədər mükafat alan işçilər var idi. Onların mükafatı tamamilə kəsiləcəksə, maaşlarının artıb-artmayacağı sual altında qalır. Artmayacaqsa, güman ki, bu başqa neqativ hallara, məsələn, korrupsiya hallarının artmasına, vətəndaşların incidilməsinə səbəb ola bilər”.

Ekspert bildirib ki, bu suallar açıq olaraq qalır:

“Ona görə də əlaqədar qurumlar atılan addımın səbəbi, kimlərə toxunacağı, verilməyəcək mükafatların maaşa əlavə olunub-olunmayacağı barədə rəsmi açıqlama versəydilər, daha yaxşı olardı. Bu sualların cavabı rəsmi qurumlardadır”.

Qeyd edək ki, Milli Məclis “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında dəyişiklik edib. Ona əsasən, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlarla mükafatlandırma mexanizminin ləğvi nəzərdə tutulur.

Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. İndiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Bildirilir ki, bu, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq.

Rüfət Sultan
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar