Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında yanğın baş verib.
Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə onüçmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qeydə alınıb:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onüçmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40 kv.m olan birotaqlı mənzilin eyvanının yanar konstruksiyaları və ev əşyaları 9 kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub".