Ru
14:23 / 30 Oktyabr 2025

Məmmədbağır Bağırzadənin adı iki küçəyə verilib

Məmmədbağır Bağırzadənin adı iki küçəyə verilib
Eye

Xalq artisti Məmmədbağır Bağırzadə vəfatından 20 il ötür. Mərhumun ailəsi və yaxın dostları bu gün onun qəbrini ziyarət ediblər.

Bakupost.az bildirir ki, bu barədə Teleqraf-a Xalq artistinin oğlu, müğənni Rahim Bağırzadə məlumat verib.

"Bu gün bizim üçün ağır və kədərli gündür. 20 ildir atam aramızda yoxdur. Hazırda ailəmiz və atamın yaxın dostları ilə onun qəbrini ziyarət etməyə gedirik. Atamın xatirəsini əziz tutan hər kəsə, xalqımıza və sənət adamlarımıza dərin minnətdarlığımızı bildiririk" - Rahim Bağırzadə deyib.

O, atasının həmişə yad olunduğunu vurğulayıb: "Atamın dostları bu gün də yanımızdadırlar, sevincimizə də, kədərimizə də şərik olurlar. Dövlətimizdən və xalqımızdan çox razıyıq. Yeganə şikayətimiz odur ki, atamın mahnılarını oxuyan müğənnilər adını qeyd etmirlər. İstəyirik ki, mahnıları ifa olunarkən Məmmədbağır Bağırzadənin adı çəkilsin. Bizim heç kimdən xüsusi bir tələbimiz yoxdur. Sadəcə istəyirik ki, gələcək nəsil bilsin".

Rahim Bağırzadə qeyd edib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Məmmədbağır Bağızadənin guşəsi yaradılıb: "Orada onun əsərlərinin lent yazıları, qavalı, titulları və şəxsi əşyaları nümayiş olunur. Ziyarətə gələn insanların diqqət və hörməti bizi çox sevindirir. Eyni zamanda evimizdə də atamın xatirə otağı var".

Xalq artistinin oğlu vurğulayıb ki, Məmmədbağır Bağırzadənin adına iki küçə verilib: "Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nazirlər Kabinetinin göstərişi ilə atamın doğulduğu Nardaran kəndində küçələrin birinə onun adı verilib. Həmin küçədə 99 ev yerləşir.

Digər küçə isə Maştağadadır. Qəsəbə sakinlərinin şəxsi imzaları ilə toplanmış müraciət bələdiyyə tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub və nəticədə Maştağada Əliağa Ağayev və Şövkət Ələkbərovanın adlarını daşıyan küçələrin yanında Məmmədbağır Bağızadənin adına da küçə verilib".

Rahim Bağırzadə atasının 55 yaşında dünyasını dəyişdiyini vurğulayıb:

"Atamın vəfatı bizim üçün çox kədərli itkidir. Hər il olduğu kimi, bu gün də onun məzarını ziyarət edənlər arasında xaricdə yaşayan soydaşlarımız var. Atamın həyatı boyu insanlarla münasibəti çox səmimi olub. Onu tanıyan hər kəs deyir ki, Məmmədbağır Bağızadə heç kimin qəlbini qırmayıb, hamı ilə mehriban olub. Bu günə qədər bir nəfər tapılmayıb ki, desin, onunla problem yaşamışam".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar