Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov, Meydan TV-nin baş redaktoru Aynur Qəmbərova, jurnalistlər Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Quliyeva, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, həmçinin müstəqil jurnalist Nurlan Qəhrəman, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev, foto-müxbir Əhməd Muxtarın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsndə hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkili vəsatət verilib.
O prosesin ictimai əhəmiyyətli olduğunu deyib, məhkəmədən video-çəkiliş aparılmasına icazə verilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra ittiham aktının elan olunmasına başlanılıb.
Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin edilib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Mühakimə olunan şəxslərin hər biri ittihamları qəbul etmir, onlar özlərini təqsirli bilməyiblər.