Ekspertlər bildirir ki, gələn 25 il ərzində bu gün bildiyimiz peşələrin böyük hissəsi ya yox olacaq, ya da tamamilə yeni bir formaya keçəcək. Süni intellektin yaratdığı bu səssiz inqilab iş dünyasında kimin qalacağını köklü şəkildə dəyişdirəcək.
Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, qlobal iş dünyası, pandemiya ilə başlayan uzaqdan iş və elastiklik dövründən sonra, növbəti 20 ili əhatə edəcək daha dərin bir transformasiyanın astanasındadır. Ekspertlər süni intellektin yüksəlişi, demoqrafik dəyişikliklər və idarəetmə modellərindəki radikal dəyişikliklərin "iş” anlayışını tamamilə dəyişəcəyinə diqqət çəkir.
"The Wall Street Journal"ın məlumatına görə, gələcəyin iş dünyasını gözləyən 4 əsas dəyişiklik bunlardır:
1. Diplomun yerini bacarıq alacaq
"Lattice" şirkətinin keçmiş İnsan Resursları müdiri Cara Brennan Allamano bildirir ki, süni intellekt rəhbərlərin işçi performansını ölçmə üsulunu kökündən dəyişdirəcək. Artıq yalnız sorğulara əsaslanılmayacaq: süni intellekt işçilərin gün ərzində verimlilik dövrlərini analiz edərək iş axışını şəxsin "təbiətinə uyğun” optimallaşdıracaq. Məsələn, satış nümayəndəsinin ən məhsuldar olduğu saatlar müəyyən edilərək əməkdaşlıq buna uyğun qurulacaq.
Boston Universitetindən Peter Fasolo isə Avropa, Yaponiya və ABŞ-da işçi qüvvəsinin azalacağını vurğulayır. Fasolo qeyd edir ki, diplom artıq önəmli olmayacaq, bacarıq əsas meyar olacaq və şirkətlər yalnız işçi qəbul edən müəssisələr deyil, həm də təhsil verən "sinif”lər rolunu oynayacaq.
2. Orta səviyyə idarəetmə tarixə qarışa bilər
Korn Ferri şirkətinin baş direktoru Alan Quarino hesab edir ki, 25 il ərzində iş yeri tanınmaz hala gələcək. Ona görə, bu gün korporativ quruluşun mərkəzində olan "orta səviyyə menecerləri” keçmişin bir qalığı ola bilər. Süni intellekt komandaların aylıq işlərini dəqiqələrə endirəcək və liderlərin əsas fərqi "emosional zəka” və "empatiya” olacaq.
3. Müstəqil işçilərin yüksəlişi
"Mercer" şirkətinin baş ortağı Ravin Yesuthasan bildirir ki, süni intellektin demokratik istifadəsi sərbəst vaxtlı işçiləri gücləndirəcək. Böyük şirkətlər yalnız öz lisenziyalı alətlərindən istifadə edərkən, müstəqil işçilər ən müasir süni intellekt alətlərini tətbiq edərək təşkilatlardan daha səmərəli nəticələr əldə edə biləcəklər. Bu isə şirkətlərin layihə əsaslı ekspertlərlə işləmə meylini artıracaq.
4. Ekspertliyin yerinə "generalist” yanaşması
Gələcəkdə yalnız bir sahədə dərindən ixtisaslaşmış şəxslərdən çox, müxtəlif disiplinlər arasında əlaqə qura bilən "generalist” rollara ehtiyac artacaq. İdarəetmə praktikaları uzunmüddətli planlamadan çox "çevikliyə” yönələcək, strateji planlaşdırma bölmələrinin yerini isə sürətli ssenari modelləşdirmə və dəyişiklik aktivləşdirmə kimi yeni funksiyalar alacaq.