İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei ölkənin növbəti ali lideri postu üçün əsas namizəd kimi ön plana çıxıb. İranın yeni ali liderinin seçilməsi ilə bağlı qərarın təhlükəsizlik səbəbləri və davam edən müzakirələr fonunda müvəqqəti olaraq təxirə salındığı bildirilir. Yeni ali liderin seçilməsi prosesi hələ yekunlaşmayıb və qərarın elan olunması yaxın günlərə təxirə salınıb.
Bakupost.az xəbər verir ki, “The New York Times”ın məlumatına görə, İranın ali liderini seçmək səlahiyyətinə malik olan ruhanilərdən ibarət Ekspertlər Məclisi yaxın günlərdə bu məsələni müzakirə edib və Müctəba Xamenei ən güclü namizəd kimi qiymətləndirilib.
Məlumatda bildirilir ki, bu qurumun üzvləri məsələ ilə bağlı bir neçə qapalı iclas keçirib və yeni ali liderlə bağlı qərarın yaxın vaxtlarda elan olunması ehtimalı müzakirə olunur.
Eyni zamanda bəzi ruhanilərin Müctəba Xameneinin namizədliyinin rəsmi şəkildə açıqlanmasına ehtiyatla yanaşdığı qeyd olunur. Onların fikrincə, belə bir qərar onun ABŞ və İsrail tərəfindən mümkün hədəfə çevrilməsi riskini artıra bilər.
Ekspertlərin sözlərinə görə, Müctəba Xamenei uzun illərdir İran siyasi sistemində qeyri-rəsmi təsirə malik fiqur kimi tanınır. O, ruhanilər və təhlükəsizlik strukturları ilə sıx əlaqələri olan sərt xətt tərəfdarı kimi qiymətləndirilir.
İran konstitusiyasına görə, ölkənin ali liderini seçmək səlahiyyəti ruhanilərdən ibarət olan Ekspertlər Məclisinə məxsusdur. Bu qurum ölkənin ali dini və siyasi rəhbərini seçən əsas institut hesab olunur.
Hazırda rəsmi qərar açıqlanmasa da, beynəlxalq mediada yayılan məlumatlara görə Müctəba Xamenei İranın növbəti ali lideri postuna ən real namizəd hesab edilir.
Məclisin iclasları martın əvvəlində keçirilib və nəticənin yaxın vaxtlarda elan ediləcəyi bildirilib. Bəzi mənbələr təhlükəsizlik vəziyyətinə görə qərarın bir neçə gün və ya növbəti həftəyə qədər gecikə biləcəyini qeyd edir.
Qeyd edək ki, İran konstitusiyasına görə ali lideri 88 üzvdən ibarət Ekspertlər Məclisi seçir.
Cavid, BakuPost