Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Funksional təsnifat üzrə 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilməsi proqnozlaşdırılır. Bu göstərici isə 2025-ci ilin müvafiq xərcləri ilə (8 milyard 396,3 milyon manat) müqayisədə 3,8 faiz çoxdur.
Müdafiə xərclərinin artmasını
Bakupost.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan ordusu son illərdə davamlı olaraq hərbi xərclərini artırır:
“Bu xərclərin artırılması ilk növbədə təhlükəsizlik və müdafiə sahəsində ölkəmizin və silahlı qüvvələrimizin daha üstün vasitə, avadanlıq, texnika ilə təhcizatına xidmət edir. Digər tərəfdən, müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən heyətin əmək haqqları da mütəmadi olaraq qaldırılır. Daha vacibi isə odur ki, Azərbaycan yeni nəsil silah-sursat, aviasiya vasitələri və pilotsuz sistemləri silahlanmaya qəbul edir. Bu sahədə isə kifayət qədər böyük xərclər tələb olunur. Buna görə də Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarını daha da gücləndirmək üçün bu sahəyə ayrılan büdcənin artırılması tamamilə məntiqə uyğun addımdır”.
Lalə Novruz,
BakuPost