Ru
16:38 / 01 Oktyabr 2025

Müəllimləri təhqir edənlərə fantastik cərimə... - Azərbaycanda da tətbiq olunacaq?

Müəllimləri təhqir edənlərə fantastik cərimə...  - Azərbaycanda da tətbiq olunacaq?
Eye

“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironov müəllimlərin müdafiəsi üçün sərt tədbirlər təklif edib. Onun sözlərinə görə, müəllimləri təhqir edən şəxslər 20 min rubla (təxminən 400 manat), sosial şəbəkələrdə onlara qarşı kampaniya aparanlar isə 700 min rubla (təxminən 14 min manat) qədər cərimələnməlidir.

Maraqlıdır, müəllimlərin nüfuzunun qorunması üçün Azərbaycanda da oxşar cərimə mexanizminə ehtiyac varmı?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə müəllim nüfuzunun artırılması üçün kompleks tədbirlər görülməlidir:


“Təhsilin inkişafı üzrə dövlət strategiyasında müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi əsas hədəflərdən biridir. Lakin keçən müddət ərzində bunu hansı meyarla ölçürük? Məsələn, 500 baldan yuxarı nəticə göstərən abituriyentlər pedaqoji sahəni seçəndə bir müddət onlara əlavə 100 manat aylıq təqaüd ödənildi. Amma bu, kifayət deyil. Müəllimin nüfuzunu həm məktəbdə, həm də cəmiyyətdə qorumaq lazımdır. Əgər bir ölkənin təhsil naziri çıxıb deyirsə ki, "məktəblərdə pul yığılır və bunun günahkarı cəmiyyətdir, biz ancaq tənzimləyici qurumuq", nə etmək olar? Bir tərəfdən məktəblərdə pul yığılmasını etiraf edir, digər tərəfdən günahı cəmiyyətin üstünə atırsa, bu o deməkdir ki, müəllimlə cəmiyyəti üz-üzə qoyur. Belə olan halda təbii ki, müəllimin nüfuzu olmayacaq”.

Ekspert vurğulayıb ki, məktəblərdə pul yığımı və digər neqativ hallar, eləcə də repetitorluğun geniş yayılması məktəbə və müəllimə olan etimadı azaldır:

“Müəllimləri təhqir edən insanlara qarşı cərimələrin tətbiq edilməsi nəyi dəyişəcək? Biz ilk növbədə təhsil verənlərin fəaliyyətinin sağlamlaşdırılması yolunda addım atmalı idik. Əgər məktəbin özündə pul yığımı varsa və müəllim valideyni məcbur edirsə ki, testə və digər məsələlərə görə pul versin, bundan bezən valideyn artıq “qırmızı xətti” keçirsə, günahkar kimdir? Yaxud da müəllim elementar pedaqoji və psixoloji qaydaları pozaraq, şagirdi təhqir edirsə, ona fiziki və psixoloji təzyiq göstərirsə, burada günahkar kimdir?

Mən düşünürəm ki, bu ancaq söz xatirinə deyilmiş təklifdir. Bəlkə də Rusiyada nələrisə nəzərə alıb deyirlər, amma bizdə ən azı birinci növbədə sistemi optimallaşdırmaq lazımdır. Təhsil idarəetmə orqanları iflic vəziyyətindədir, onları işlək vəziyyətə gətirmək lazımdır. Məktəblərin nüfuzunu bərpa etmək, orada müəllim nüfuzunu qorumaq, müəllimlərin sosial müdafiəsini təmin etmək lazımdır. Bütün bunlar baş verdikdən sonra müəllimin nüfuzunun qorunması və ona qarşı qeyri-adekvat addımlar barədə belə bir təklif irəli sürmək olar”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar