Siyasi ekspertlər Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanmasını regionda sülh prosesinin inkişafı baxımından mühüm irəliləyiş hesab edirlər. Sənədə əsasən, Azərbaycanın haqlı tələbləri və beynəlxalq hüquq normaları nəzərə alınmaqla, hər iki tərəf məsələlərin mərhələli şəkildə həllinə çalışacaq.
Tərəflər arasında mübahisəli məsələlərdən biri də hərbi cinayətlər törətməkdə təqsirləndirilən və hazırda Azərbaycanda həbsdə olan ermənilərin azad edilməsidir. Hazırda Azərbaycanda onların məhkəməsi keçirilir. Ermənistan tərəfi isə onların azadlığa buraxılmasını istəyir.
Bu məsələ tərəflər arasında müzakirə mövzusu ola bilərmi? Hərbi cinayətlərdə ittiham olunanlarla bağlı məsələ necə tənzimlənəcək?
Mövzunu
Bakupost.az şərh edən millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri
Arzuxan Əlizadə bildirib ki, sülh müqaviləsinin imzalanması hərbi cinayətlər törətmiş şəxslərin azadlığa buraxılması demək deyil:

“Hər kəs törətdiyi cinayət əməlinə görə cavab verməlidir. Necə ki, bu gün həmin erməni cinayətkarlar, casuslar Azərbaycan məhkəməsi qarşısında dayanıblar. Onlar Azərbaycanın ərazisində vətəndaşlarımıza qarşı hərbi cinayətlərdə iştirak ediblər, işğal dövründə çox böyük cinayət əməllərinə yol veriblər. Bu gün də həmin törətdikləri əməllərə görə Azərbaycan qanunvericiliyi qarşısında cavab verirlər və sona qədər də cavab verəcəklər. Hələ onlardan azadlıqda olanlar da var. Xüsusən Xocalıda keçirilmiş soyqırım aktında birbaşa iştirak edən Sərkisyan, Köçəryan və onların ətrafındakı müəyyən dəstələr. Onlar da törətdikləri bəşəri cinayətlərə görə mütləq cavab verməlidirlər. Yəni Azərbaycan öz üzərinə belə bir öhdəlik götürmür ki, bu gün mühakimə olunan ermənilər sərbəst buraxılacaqlar və onlara hansısa formada güzəşt ediləcək”.
Millət vəkili həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi də bu şəxslərin sərbəst buraxılmasında maraqlı deyil:
“Çünki zamanında Vardanyan və digərləri Paşinyana qarşı mövqe sərgiləyirdilər. Yaddan çıxarmayaq ki, Vardanyanı şimal qonşumuz elə Qarabağda hakimiyyətə gətirmək və ordan da tramplin olaraq Ermənistanda hakimiyyətə gətirməyi hədəfləyirdi. Buna görə də heç Paşinyan da onların sərbəst buraxılmasında maraqlı deyil. Əksinə, bu gün Paşinyan Köçəryan, Sərkisyan, eləcə də Rusiyanın birbaşa direktivləri ilə müxalif mövqe sərgiləyən hərbi cinayətkarların həbs olunmasında, hətta Azərbaycana təhvil verilməsində maraqlı ola bilər. Çünki onlar onun hakimiyyətinə qarşı çox ciddi təhdid törədirlər. Ümumiyyətlə, münasibətlər normallaşırsa, bu o demək deyil ki, biz hər şeyi unutmalı və sıfırdan başlamalıyıq. Xeyr. Azərbaycan insanına qarşı cinayət əməli törətmiş, kimliyindən və münasibətlərin hansı formada normallaşmasından asılı olmayaraq, cinayət törədən hər bir erməni və digər şəxs məsuliyyətə cəlb olunmalı və Azərbaycan qanunvericiliyinə müvafiq olaraq törətdiyi əmələ görə cəzasını almalıdır”.
Lalə Novruz,
BakuPost