Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1986-cı il təvəllüdlü Dursun Qəmbərov qısqanclıq zəminində həyat yoldaşı Nailə Səttarovanın (ad-soyadlar şərtidir) üzərinə çaydandan qaynar su töküb, sonra yerə yıxaraq balon qapağını bağlayan dəmir alətlə başına, sifətinə zərbələr vurub və bıçaqla xəsarət yetirib.
Bakupost.az “Teleqraf”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə zəruri istintaq hərəkətləri Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı Nadir Tahirova tapşırılıb.
Maraqlıdır ki, cütlüyün yaşayış evində ifadələr alınan zaman da ərlə arvad arasında yenidən mübahisə yaşanıb.
Belə ki, zərərçəkmiş şəxs əri ilə birgə yaşamaq istəmədiyini bildirib və onun bu sözü Dursun Qəmbərovun əsəbiləşməsinə səbəb olub. Nəticədə Dursun evdən bıçağı götürərək həyətyanı sahədə müstəntiqin yanında arvadının üzərinə hücum çəkib və onu ölümlə hədələyib.
Bundan sonra Nailə hadisə şahidi ilə müstəntiqin avtomobilinə əyləşərək qapını örtüb. Həmin vaxt Dursun arvadının oturduğu avtomobilin arxa qapısını açaraq onu ölümlə hədələməyə davam edib və əlində olan bıçağı qadına doğru istiqamətləndirib. Bu zaman ədliyyə kapitanı onu qolundan tutaraq kənara çəkib.
Daha sonra isə yenidən təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açıb və həyat yoldaşına qarşı eyni hərəkətləri davam etdirib. N.Tahirov onu avtomobildən uzaqlaşdırdığı vaxt fürsətdən istifadə edən qadın maşından düşərək qonşu həyətə qaçmağa çalışıb.
Bu zaman Dursun yenidən onun arxasınca qaçıb. Müstəntiq real təhlükəni görərək Dursunun sağ əlində olan bıçağı ondan almağa çalışıb və bu zaman təqsirləndirilən şəxs yaxınlıqda olan dəmir su qabının içərisinə yıxılıb. N.Tahirov sol əli ilə Dursunun bıçaq olan sağ əlini yerə sıxaraq onu zərərsizləşdirdikdə təqsirləndirilən şəxs onun qolunu dişləyib. Gərginliyin sonunda bıçağın dəstək hissəsi əyilərək qırılıb.
Məlum olub ki, hadisədən sonra Dursun Qəmbərov özünü tövlədə asmaq istəyib. O, özünü asmaq üçün tövlədə nərdivanı qoyub çıxmaq istəyəndə oğlunu “ay ata, səni çağırırlar” dediyini eşidib və fikrindən danışınıb.
Hadisə nəticəsində Nailə Səttərova məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, sifətin, boyunun və döş qəfəsinin sol yarısının, sağ çiyinin ön səthinin, sağ ayağın İV barmağının İ-İİ dərəcəli termiki yanıqları, sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası, sol gözün ağlı qışasının və sol yanağın selikli qişasının qansızmaları, sol gicgahın yumşaq toxumalarının əziyi xəsarətləri alıb.
Qeyd edək ki, Dursun Qəmbərov hərbçi olub. O, hadisədən sonra ordu sıralarından tərxis edilib. Cütlüyük bu evlilikdən üç övladı dünyaya gəlib. Onlardan biri valideynlərin davası zamanı atasından anasını buraxmayacağı təqdirdə özünü ülgüclə doğrayacağını bildirib.
Ailə münaqişəsində baş verən cinayət hadisəsində Naxçıvan Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, D.Qəmbərovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.
Onu da əlavə edək ki, hadisəyə səbəb Nailənin telefonla başqa bir şəxslə danışması, bunun Dursun tərəfindən aşkarlanması olub. Dursun Nailədən telefonu alıb şifrəsini istəsə də, qadın inadla bunu deməyib və sonda yuxarıda qeyd olunan hadisə qeydə alınıb.