Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yeni dəhliz bölgə ölkələri arasında nəqliyyat əlaqələrinin qurulması baxımından çox önəmlidir. Lakin bundan əvvəl də mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizləri vardı. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolu xətti, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri və s.
Bəs indi vəziyyət necə olacaq? Yeni nəqliyyat yolu həmin dəhlizlərin fəaliyyətinə təsir edəcəkmi?
Mövzu ətrafında “BakuPost”a danışan Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, Azərbaycanın Qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək dəhliz praktik olaraq digər nəqliyyat dəhlizlərinə, xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq:

“Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı, daha sonra isə Türkiyəni birləşdirəcək. Nəticə etibarı ilə Azərbaycan və Türkiyə arasında Naxçıvandan keçməklə yeni dəhliz formalaşacaq. Bu da yüklərin quru və dəmir yolu vasitəsilə Naxçıvana, eyni zamanda Türkiyəyə daşınmasına imkan verəcək. Həmçinin, dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. İnteqrasiya nəticəsində praktik olaraq, Naxçıvanda istehsal edilən məhsulları daha geniş bazara çıxara biləcəyik. Digər tərəfdən də həmin dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq. Bu, bütövlükdə beynəlxalq yükdaşımaların həcminin artmasına şərait yaradacaq. Nəticədə Azərbaycan üzərindən beynəlxalq yükdaşımalar ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Dəhlizin, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacib nəqliyyat layihələrindən biri kimi qiymətləndirilməlidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə söylədi ki, Naxçıvanla Azərbaycanın materik hissəsində dəhlizin yaradılması digər ölkələr üçün də faydalıdır:

“Bu, ilk növbədə Azərbaycan üçün vacibdir. Çünki Naxçıvanla quru yol xətti yaradılacaq. Bu, 10 noyabr və 11 yanvar bəyanatlarında da öz əksini tapıb. Naxçıvanla dəhlizdən tək biz yox, Türkiyə də istifadə edəcək. Türkiyə Azərbaycan bazarına, həmçinin Azərbaycan üzərindən Rusiya və Mərkəzi Asiya bazarlarına çıxış imkanı əldə edəcək. Eyni ilə Rusiya da bu nəqliyyat dəhlizindən istifadə edəcək. Ermənistan xoş niyyət ortaya qoysa, Azərbaycanın ərazi bütövlüyünü tanısa, o zaman Ermənistanın da bu dəhlizdən itisfadə etməsi mümkündür. Çünki Rusiya-Gürcüstan münasibətlərinin gərgin olmasına görə Gürcüstan üzərindən dəmir yol xətti bağlıdır. Artıq Azərbaycan üzərindən Rusiyaya, Rusiya üzərindən Ermənistana mallar daşına bilər. Təbii ki, Azərbaycanın nəzarəti altında, çünki orda hərbi yüklər də daşınır. Ermənistan bununla ərzaq məhsulları, tikinti materialları kimi inkişaf üçün lazımlı yükləri daşıya bilər və Azərbaycan da etiraz etməyəcək”.
E.Şahinoğlu əlavə etdi ki, bütün nəqliyyat dəhlizlərinin rolu böyükdür:
“Bu dəhlizlər bölgə ölkələri arasında əməkdaşlığı gücləndirəcək. Bu məsələdə hamı maraqlıdır, bircə Ermənistanda ciddi yanaşmırlar. Çünki orda hələ də revanşist əhval-ruhiyyə var ki, guya, Qarabağın statusu müəyyənləşməlidir və bu kimi digər məsələlər həll edilməlidir. Status bizim üçün önəmli məsələ deyil. Ermənistanla iqtisadi əlaqələri bərpa etməyə hazırıq. Bu, daha çox Ermənistana lazımdır. Lakin qeyd etdiyim kimi, bir şərtimiz var, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəksin”.
Ləman Hüseynzadə