Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib.
Bakupost.az xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayon sakinləri İdriszadə Ülvi Şəhriyar oğlu və Rzayeva Esmira Abil qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib. Proqramın dəstəyi ilə Ülvi İdriszadə üçün avtoçilingər xidmətləri, Esmira Rzayeva üçün isə un məmulatları istehsalı üzrə kiçik təsərrüfatlar qurulub. Hər iki proqram iştirakçısı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayonunda 2600-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub.
Nazirlik tərəfindən Ağdam rayonunda yaradılan İxtisaslaşmış Sosial Xidmət Mərkəzinə də baxış keçirilib. Hazırda Mərkəzdə əlilliyi olan və digər həssas kateqoriyalardan olan 36 uşağa psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir. Uşaqların valideynləri üçün qrup terapiyaları və təlimlər də təşkil olunur.