Neftin qiyməti Hörmüz boğazının yaxın zamanda yenidən açılıb-açılmayacağı ilə bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda yüksəlib.
“Bakupost” xəbər verir ki, Brent markalı neftin fyuçersləri 1,09% bahalaşaraq 84,46 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) isə 0,78% artaraq 78,79 dollar olub.
İran Omanla Hörmüz boğazından yeni dəniz keçid marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın son mərhələdə olduğunu açıqlayıb. Bununla belə, Tehran boğazın yenidən açılması üçün ABŞ-nin müəyyən əlavə şərtləri yerinə yetirməli olduğunu bildirir.
Həmin şərtlər arasında ABŞ-nin İrana qarşı hücumlarına görə kompensasiya ödəməsi də yer alır.
Hörmüz boğazı ilə bağlı danışıqların müsbət nəticələnəcəyi gözləntiləri səbəbindən neft qiymətləri ötən həftə 7%-dən çox ucuzlaşmışdı. Müharibədən əvvəl dünya neft tədarükünün təxminən beşdə biri bu boğazdan keçirdi.
Neft bazarında narahatlığı artıran digər amil isə Səudiyyə Ərəbistanındakı neft obyektinə hücum olub. İranın dəstəklədiyi husilər “Saudi Aramco” şirkətinin “Cizan neft” emalı zavodunu vurduqlarını açıqlayıblar.
Bu hadisələr Hörmüz boğazı ilə bağlı diplomatik danışıqlar davam edərkən enerji bazarında geosiyasi risklərin yüksək olaraq qaldığını göstərir.
Vüsalə Hüseynova,
BakuPost