Yeddi OPEC+ ölkəsi- Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Rusiya — iyul ayında neft hasilatını gündə 188.000 barel artırmaq barədə razılığa gəliblər.
Bakupost.az xəbər verir ki, 2023-cü ilin aprel ayında elan edilən əlavə düzəlişlərin ləğv edilə biləcəyi də bəyanatda qeyd olunub.
Bundan əlavə, onlar Birgə Nazirlər Monitorinq Komitəsi (JMMC) tərəfindən izləniləcək istehsal həcmlərinə əlavə düzəlişlər də daxil olmaqla, Əməkdaşlıq Bəyannaməsinə riayət etmək öhdəliklərini bir daha təsdiqləyiblər.
Qeyd edək ki, cari ilin mayında da həmin yeddi OPEC+ ölkəsi iyun ayında neft hasilatını gündə 188.000 barel artırmaq qərarına gəlmişdilər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Bakupost.az-a bildirib ki, ardıcıl ikinci dəfə bu addımı atmaqla OPEK+ bazarda yüksək neft qiymətlərinin olmasının qarşısını almağa çalışır:
“Analoji addımı həmin 7 ölkə may ayında verdikləri qərara əsasən iyunun 1-də atıblar. Həmin həcmi hər hansı bir dəyişikliyə yol vermədən iyul ayı üçün də tətbiq edirlər. İyun ayında neftin qiyməti cüzi qalxıb. Keçən cümə günü London birjasında neftin qiyməti 95 dollarla bağlandı. Bu gün isə 97 dollardır. Yəni artım olsa da bu cüzidir. Ümumilikdə Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, mart ayında brend markalı neftin orta qiyməti 103, apreldə 109, mayda isə 106 dollar olub. İyun ayının ilk həftəsində isə ilk dəfədir ki, qiymət yüz dollardan aşağıdır. Bu da onu göstərir ki, OPEK-in hədəfi bazarda yüksək neft qiymətlərinin bərqərar olmasının qarşısını almağa yönəlib. Bu isə bazarın tənzimlənməsi yolunda məntiqli qərardır”.
Həmsöhbətimizin fikrincə, neftin qiymətinin 80-90 arası olması üçün Hörmüz boğazı açılmalıdır:
“Bu baş verməyincə, qiymətlər həmin səviyyəyə enməyəcək. İran, İraq, Küveyt, Qətərdə, BƏƏ-də hasilatın fevral ayından əvvəlki səviyyədə bərpa olunması üçün həftələr, bəzi ölkələr üçünsə hətta aylar lazımdır”.
Rüfət Sultan, BakuPost