“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi”, “Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları qrupu Dövlət Təbiət Qoruğu”, “Nature Discovery Azerbaijan” və “Sirxan.az”-ın təşkilatçılığı ilə 24 apreldə "Palçıq vulkanlarımızı qoruyaq" devizi altında eko-infotur təşkil olunub.
Bakupost.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd palçıq vulkanlarına diqqəti artırmaq, təbiətin ölkəmizə bəxş etdiyi bu nadir tapıntıları qorumaqdır.
Ekotur Torağay qoruğunun ərazisində yerləşən “Cingirdağ”dan başlayaraq dünyanın ən böyük palçıq vulkanı olan “Torağay”da yekunlaşıb. Daha sonra "Qılınc" aktiv vulkan qrupuna ekskursiya təşkil olunub. Ekoturun ümumi məsafəsi 18,5 km-i əhatə edib.
Ekotura qoşulan bütün iştirakçılara, tədbirin baş tutmasında verdiyi dəstəyə görə isə "Torağay" qoruğunun direktoru Ceyhun Paşayev və komandasına təşəkkür edilib.
Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə, əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.