Rusiya bu payızdan başlayaraq NATO ölkəsinə məhdud səviyyədə hücum təşkil edə bilər.
"Bakupost" xəbər verir ki, "The Wall Street Journal"ı ABŞ-nin yeni kəşfiyyat hesabatlarına əsasən bu qənaətə gəlib.
Qəzet yazır ki, ABŞ kəşfiyyat rəsmilərinin hesabatlarda müzakirə etdiyi təhdidlər NATO ölkəsinə kiberhücumdan və ya ərazini işğal etmək üçün naməlum silahlı qrupların yerləşdirilməsindən tutmuş, alyansın şərq cinahına məhdud hücuma qədər dəyişir.
Bildirilir ki, ən ekstremal ssenari - məhdud quru hücum- ehtimalı azdır, lakin artır. ABŞ kəşfiyyatının hesablamalarına görə, Moskvanın hücumu cari ilin payızı ilə 2029-cu il arasında baş verə bilər.
Siyasi şərhçi Kamran Cəfərov
Bakupost.az-a bildirib ki, Rusiyanın NATO ölkəsinə hücumu dedikdə söhbət ilk növbədə Baltikyanı ölkələrdən və özü də genişmiqyaslı deyil, lokal hərbi əməliyyatlardan gedir:
“Amma istənilən halda Rusiyanın belə bir addıma getməsi ciddi bir siyasi zəlzələ olacaq”.
Ekspert belə bir müdaxilənin mümkünsüz olduğunu düşünür:
“Rusiyanın buna getməsi son dərəcədə risqli bir avantüra olardı. Həmin olayın baş verməsi və Rusiyanın bəzi əraziləri tutması fonunda, bu faktiki olaraq NATO Alyansının siyasi baxımdan dağılması demək olacaq. Belə olarsa, NATO dünyanın ən güclü təhlükəsizlik təminatçısı statusunu itirəcək. Rusiya NATO-nu etibarsızlaşdırmaqla prosesdən qazanclı çıxa bilər. Amma bununla belə, Rusiya üçün risqlər daha böyükdür. Çünki belə bir hücum qısa zamanda NATO ölkələrini daha sıx konsolidasiyaya və cavab zərbələrinə sövq edəcək. Tramp ABŞ Prezidenti olmamışdan əvvəl yayılan fərziyələrə görə, “köhnə qitə” çox ləng hərəkət edir. Amma Trampın Prezident olmasından sonra gördük ki, qısa zamanda Fransa, Almaniya kimi ölkələr hərbi sənaye komplekslərini əhəmiyyətli dərəcədə gücləndirdilər. Fransa 436 milyard avro dəyərində 4 illik hərbi büdcə paketini qəbul etdi. Deməli, Rusiya tərəfindən hər hansı NATO ölkəsinə belə bir təxribat həyata keçiriləcəksə, Avropa qısa zamanda konsolidasiya etmək və cavab vermək gücünə sahibdir”.
Bu əsasda da müsahibimizin sözlərinə görə, Rusiya həmin avantüradan qazancdan daha çox, dəhşətli dərəcədə uduzacaq:
“Belə bir açıq hücum təxribatı mümkünsüzdür. Baxmayaraq ki, Qərbdə bunu daha uca səslə deyirlər. Demələri də səbəbsiz deyil. Hərbi büdcənin davamlı şəkildə artmasını vergi ödəyicilərinə hansısa formada izah etmək lazımdır. Onun izahının ən gözəl yolu da məhz mətbuatda belə bir gərginlik fırtınasının yaradılmasıdır. Əslində isə Rusiyanın NATO ölkəsinə açıq hücum ehtimalı “sıfıra” bərabərdir”.
Rüfət Sultan,
BakuPost