Azərbaycanın bir neçə rayonun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib.
Bakupost.az “Trend”-ə istinadən xəbər verir ki, məktəblərdə son günlər baş verən insidentlərin artması ilə əlaqədar aparılan bu yoxlamalar əsasən Abşeron, Sumqayıt və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərin çantalarını və üzərlərində olan əşyaları yoxlayaraq qadağan olunmuş predmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərə kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələr daxildir.
Gözlənilməz yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil olaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar aşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır, hadisə ilə bağlı məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.
Qeyd edək ki, aprelin 20-də Bakıdakı 286 saylı tam orta ümumtəhsil məktəbinin IX şagirdi sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb. Xəsarət alanın vəziyyəti ağır olaraq qalır.
Təhsil eksperti Şəmsi Qocayev
Bakupost.az-a bildirib ki, bu addımın problemin həllində heç bir nəticəsi olmayacaq:
“Məktəblərdə vəziyyət gör nə yerə çatıb ki, buradakı problemlərə polis müdaxilə edir. Məktəb direktorları, onun müavinləri, sinif rəhbərləri şagirdə “güldən ağır” söz deyə bilmirsə, deməli vəziyyət də bu həddə çatmalı idi”.
Ekspertin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şagird psixologiyasını dərindən bilmirlər:
“Buna görə o şagirdlə də polis kimi davranacaq. Polis hər sinifdə axtarış aparıb, şagirdin çantasını yoxlayırsa, istər-istəməz VIII-XI sinifdə oxuyanlar zədə alacaqlar. Təhsil prosesi mərhələli prosesdir. Məktəbdə qayda-qanun olmalıdır. Polisin fəaliyyəti ilə məktəblərdə təlim-tərbiyə prosesinin düzələcəyini zənn etmirəm”.
Rüfət Sultan, BakuPost