Ru
18:18 / 05 Yanvar 2026

Putin üçün daha bir ağır il: Rusiya elitası ölüm hökmü verəcək?

Putin üçün daha bir ağır il: Rusiya elitası ölüm hökmü verəcək?
Eye

2026-cı il də Rusiya lideri Vladimir Putin üçün uğursuz başladı. Bir çox analitiklər Venesuela lideri Nikolas Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən həbs edilərək ölkədən çıxarılmasının Putinin xeyrinə işlədiyini iddia etsələr də, əslində bu hadisə Rusiya diktatoruna böyük zərbə oldu.

Əlbəttə, ABŞ-nin Venesueladakı əməliyyatı beynəlxalq hüququn pozulması kimi dəyərləndirilir və Putinin bundan öz işğalçılıq siyasətini əsaslandırmaq üçün istifadə edəcəyi iddia olunur. Lakin bu əməliyyat birincisi, Rusiya lideri üçün böyük geopolitik uğursuzluq oldu. Çünki illərdir, o, qlobal oyunçu olduğunu iddia edir və bir çox ölkələrdəki, eləcə də Venesueladakı diktatura rejiminə hərbi-siyasi dəstək verməklə, Amerika qitəsində mövcud olduğunu iddia edirdi. ABŞ-nin bir gecənin içində 29 milyonluq ölkənin liderini heç bir müqavimətlə üzləşmədən götürüb aparması isə Putinin dünya liderliyi iddiasına ağır zərbə oldu. O, Suriya lideri Bəşər Əsədi müdafiə etmək üçün illərlə vuruşsa da, Latın Amerikasındakı bir nömrəli müttəfiqini - Maduronu quru bəyanatla belə müdafiə edə bilmədi. Və Rusiya faktiki olaraq, Suriya kimi, Venesuelanı da itirdi.


İkincisi, 2022-ci ildə Ukraynaya qarşı hərbi əməliyyata başlamaqla siyasi karyerasının ən böyük səhvini edən Putin Trampın Venesuela ilə bağlı gözlənilməz və cəsarətli addımı fonunda həm dünyanın, həm də Rusiya cəmiyyətinin gözündə daha da cılızlaşdı, növbəti dəfə zəif lider təsiri bağışladı. Axı o "xüsusi hərbi əməliyyat"a başlayanda 24 saat ərzində Kiyevə çatacağını iddia edirdi. Artıq müharibənin 4-cü ili tamam olmaqdadır, lakin Putin nəinki Kiyevi əldə edə, heç öz ərazisi elan etdiyi Krım və Donbasda belə möhkəmlənə bilməyib. Əvəzində isə milyondan artıq rusiyalı Ukraynada həlak olub, ölkənin hərbi potensialı xeyli dərəcədə tükənib, Rusiya iqtisadi cəhətdən ciddi böhranla və Qərbin ağır sanksiyaları ilə üzləşib.


Üçüncüsü, Venesuela olayı Rusiyanın iqtisadi maraqları, onun neft biznesi üçün yeni problemlər də vəd edir. Belə ki, Karakasın ABŞ-nin nəzarətinə keçməsi neft bazarında rəqabətə, neftin qiymətinin ucuzlaşmasına, bu isə öz növbsində Rusiyanın gəlirlərinin aşağı düşməsinə səbəb olacaq. Rusiyanın Venesuelada birbaşa neft-qaz aktivləri olmasa da, qeyd olunur ki, hazırkı vəziyyət onun neft ixracının azalması və borcların dondurulmasına gətirib çıxara bilər ki, bu da Putin rejimi üçün əlavə problemlər yaradacaq.

Dördüncüsü, əksər analitiklər ABŞ-nin ildırımsürətli əməliyyatının Moskvada qeyri-stabil vəziyyət yaradacağını iddia edirlər. Onların fikrincə, hədə-qorxu gəlməyi sevən Putindən fərqli olaraq, Tramp yeni ilin ilk günlərində "öz qətiyyətinin və eskalasiya iştahını" nümayiş etdirdi və bu həm Kremlə, həm də bütövlükdə Rusiyanın hərbi-siyasi elitasına ciddi təsir göstərəcək. Çünki ABŞ lideri bir neçə saat ərzində öz düşmənindən - Madurodan xilas olsa da, Putin dörd ildir ki, Ukraynaya qarşı müharibədə uğursuzluqlar silsiləsinə dözməyə məcbur olur.


Digər tərəfdən, Maduronun müqavimətsiz təslim olması göstərdi ki, ABŞ üçün Rusiyanın Venesuela paytaxtı ətrafında qurduğu hava hücumundan müdafiə sistemləri də Moskva və Karakas arasında bir müddət əvvəl imzalanan 10 illik strateji tərəfdaşlıq sənədi kimi əhəmiyyətsizdir.

2026-cı ildə Rusiya-Ukrayna müharibəsinin gedişinə gəlincə, burada da Kreml rəhbərini ciddi uğurların gözlədiyini söyləmək olmaz. O, 2022-ci ildə düşdüyü "bataqlığ"ı nə tərk etmək arzusunda, nə də iqtidarındadır.

Reallıq ondan ibarətdir ki, Rusiya-Ukrayna savaşında sülh əldə edilməsi mümkün deyil. Çünki Putinin qoyduğu şərtlər ağırdır:
Ukraynanın öz ərazilərinin demk olar ki, 20 faizindən imtinası, NATO-ya üzv olmaması, Ukraynanın nüvəsiz dövlət olaraq qalması, Silahlı Qüvvələrinin sayının 800 min nəfərlə məhdudlaşdırılması və s.

Rusiyanın ağır şərtləri sülh danışıqlarının perspektivsizliyindən xəbər verir. Sülh yalnız Ukraynanın suverenliyi və ərazi bütövlüyü tanınacağı halda mümkündür. Rusiya isə buna heç vaxt getməyəcək. Çünki birincisi, buna Putinin ambisiyaları imkan verməyəcək. İkincisi, bu tələblərdən geri çəkiləcəyi halda Putin Rusiya cəmiyyətinin ağır təpkisi ilə qarşılaşacaq. Çünki illərdir Kremlin təbliğat maşını qələbələrdən, hər gün hansısa yeni yaşayış məntəqəsinin ələ keçirilməsindən dəm vurur və bunun üçün saysız-hesabsız itkilər verir. Əldə olunan bu kiçik qələbələrdən imtina isə Putinin özünə ölüm hökmü verməsinə bərabər olardı.

Bəs, Rusiya-Ukrayna cəbhəsində vəziyyət necə olacaq? Əksər ekspertlər bu fikirdədirlər ki, Ukraynaya hərbi və maliyyə dəstəyi davam etdirilərsə, hərbi əməliyyatlar yenə də il boyu uzanacaq. Ancaq burada əsas məsələ cəbhədəki situasiya deyil, ABŞ və Avropa İttifaqının siyasi qərarlarıdır. Çünki müharibənin resurs bazasını məhz onlar müəyyən edirlər. Bu güc mərkəzlərinin mövqeyinin necə olacağı barədə isə növbəti yazımızda...
Zaur,
BakuPost

Şərhlər
  • .Nizami Aliev

    Елита , - бу созун азербаjчан дилине терчумеси (1), Президент бу haгда оз созуну деjиб (2) , Ечнеби созлерин алудеси оланларын незерине: сизин меjлиниз Азербаjчанадырмы?(3).

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar