Ru
15:39 / 01 Noyabr 2025

Putinin etibar etdiyi azərbaycanlı - İradə Zeynalova nələrlə yadda qalıb?

Putinin etibar etdiyi azərbaycanlı - İradə Zeynalova nələrlə yadda qalıb?
Eye

Rusiyanın Mavrikidəki səfiri, azərbaycanəsilli jurnalist İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin xüsusi fərman imzalayıb.

Qeyd edək ki, Putin 2024-cü ilin sentyabrında İradə Zeynalovanı Rusiyanın Mavrikidəki səfiri təyin etmişdi.

İradə Aftandil qızı Zeynalova 20 fevral 1972-ci ildə Moskvada anadan olub. Atası Aftandil İsabalı oğlu milliyyətcə azərbaycanlı, anası Qalina Alekseevna isə rusdur. Zeynalova Moskvanın 61 nömrəli məktəbində orta təhsil alıb, 1995-ci ildə Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini bitirib. Daha sonra ABŞ-da təcrübə keçib.

1997-ci ildən etibarən televiziyada fəaliyyətə başlayıb. Əvvəlcə “Vesti” (RTR) proqramında redaktor və ingilis dili tərcüməçisi kimi çalışıb. 2000-2003-cü illərdə “Vesti” və “Vesti Nedeli” proqramlarının müxbiri olub. O, 2002-ci ildə Dubrovkada baş verən terror aktı zamanı hadisə yerindən reportaj hazırlayan jurnalistlərdən biri idi.

2003-cü ildən “Rossiya” telekanalından ayrılaraq uzun illər “Birinci Kanal”da çalışıb, sonradan NTV-yə keçib.

İradə Zeynalova 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsini açıq şəkildə dəstəklədiyinə görə Qərb ölkələrinin sanksiya siyahısına salınıb. Onun bu mövqeyi Rusiya hakimiyyətinə yaxın təbliğat jurnalistləri sırasında yer almasına səbəb olub. 2016-cı ildən etibarən o, NTV kanalında siyasi və ictimai verilişlər aparır, xüsusilə Qərb dövlətləri və postsovet məkanındakı “rəngli inqilablar” barədə Kremlin baxışlarını müdafiə edən çıxışları ilə yadda qalır.

Azərbaycanəsilli olmasına baxmayaraq, İradə Zeynalova indiyədək Azərbaycan dövləti və xalqı ilə bağlı açıq müsbət bəyanat verməyib. Əksinə, onun “Kanal Bir” və “NTV”də yayımlanan reportajlarında keçmiş Dağlıq Qarabağ münaqişəsinə dair materiallarda Azərbaycan həqiqətlərinin təhrif olunduğu hallar müşahidə edilib. 2020-ci ilin payızında – İkinci Qarabağ müharibəsi zamanı Zeynalova Ermənistanın rəsmi versiyalarını tirajlayan reportajlar hazırlamış, Azərbaycanın hərbi uğurlarına kölgə salan ifadələrdən istifadə etmişdi.

Rusiya mediasında çalışan azərbaycanlı jurnalistlər arasında İradə Zeynalova fərqli xəttin daşıyıcısı kimi tanınır – “Rusiya dövlətinin maraqları hər şeydən üstündür” prinsipi onun çıxışlarının əsas tonunu müəyyən edir.

İradə Zeynalova birinci həyat yoldaşı, jurnalist Aleksey Samolyotovdan 2015-ci ildə boşanıb. 20 il davam edən evlilikdən Timur adlı oğlu var. O, həmçinin I və II dərəcəli “Vətənə görə xidmət” ordenləri ilə təltif edilib.

İ. Zeynalovanın diplomatik təyinatı Kremlin son illərdə “media üzərindən diplomatiya” strategiyasının davamı kimi dəyərləndirilir. Rusiya hakimiyyəti Qərb və Afrika ölkələrində səfir təyin etdiyi şəxslər arasında propaqanda təcrübəsi olan jurnalistlərə üstünlük verir. Bu baxımdan, İradə Zeynalovanın Mavrikiyə səfir göndərilməsi də Moskvanın “yumşaq güc” konsepsiyasının tərkib hissəsi hesab olunur. Lakin onun azərbaycanlı kimliyinin Rusiyanın təbliğat sistemində yalnız “imic elementi” kimi istifadə edildiyi istisna olunmur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar