Gürcüstanda vəzifəsindən sui-istifadədə ittiham edilən keçmiş nazir müavini həbs olunub.
Bakupost.az Report-a istinadən xəbər verir ki, Tiflis Şəhər Məhkəməsi Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin keçmiş müavini Koba Qabunia barəsində həbs qətimkan tədbiri seçib.
Prokurorluğun məlumatına görə, Qabunia vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
İttihama əsasən, o, Lagi Capital MMC-yə qanunsuz üstünlük verib və ona layihə üzrə avans ödəyib. Bildirilib ki, şirkət 2023-cü ildə aldığı avans vəsaitini təyinatı üzrə xərcləməyib və uşaq bağçası tikintisi başa çatmayıb, nəticədə dövlətə maddi ziyan dəyib.
Prokuror bildirib ki, Qabunia istintaqla əməkdaşlıq etmir və yalnız həbs edilməsi onun istintaqa mane olmasının qarşısını ala bilər. Müdafiə tərəfi bu arqumentlə razılaşmayaraq 400 min lari girov təklif edib.
Vəkillərin sözlərinə görə, materiallar gecə təqdim olunduğuna görə müdafiə işlə tam tanış ola bilməyib. Onlar ittihamları əsaslandıran sübutların olmadığını iddia ediblər.
Qabunia məhkəmədə bildirib ki, heç vaxt maddi marağı olmayıb, layihələrin çoxluğu fonunda bəzi məqamları diqqətdən qaçırıb, lakin bunu məqsədli şəkildə etməyib.
Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə aparılan əməliyyat zamanı Qabunia saxlanılıb. Keçmiş nazir İrakli Karseladzenin də adı keçən iş üzrə 20-ə yaxın ünvanda axtarış aparılıb.