Rusiyanın Sankt-Peterburq şəhərində miqrantların pərakəndə və topdansatış ticarət obyektlərində çalışmasına, taksi və kuryer fəaliyyəti ilə məşğul olmasına tam qadağa qoyulması gündəmə gəlib. Təşəbbüslə şəhər üzrə Daxili İşlər Baş İdarəsinin rəisi Roman Pluğin çıxış edib.
Bakupost.az xəbər verir ki, Roman Pluğin bu təklifi dünən (fevralın 18-də) Sankt-Peterburq Qanunverici Məclisinin plenar iclasında, qurumun illik hesabatı zamanı səsləndirib. Qadağa təşəbbüsünə səbəb yanvarın sonunda şəhərdə yerləşən ticarət mərkəzlərindən birində baş verən ölümlə nəticələnən insident olub.
Məlumata görə, “City Mall” ticarət mərkəzində yerləşən “Perekrestok” mağazasında çalışan iki mühafizəçi ziyarətçini oğurluqda şübhəli bilib. Tərəflər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. 24 yaşlı Sankt-Peterburq sakini yerə yıxılaraq polis gələnədək saxlanılıb. Bir müddət sonra onun halı pisləşib və xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İstintaq Komitəsi hadisəni bir qrup şəxs tərəfindən törədilmiş qətl kimi qiymətləndirib. Mühafizəçilərdən birinin ölkəni tərk edərək Özbəkistana qaçdığı, hazırda axtarışda olduğu bildirilir.
Roman Pluğin parlamentdə çıxışı zamanı diqqətçəkən məqam isə mühafizəçilərdən birinin tamamilə qanunsuz şəkildə Rusiyada çalışan miqrant olması ilə bağlı açıqlaması olub.
“Bu hadisəni son dərəcə alçaq hərəkət hesab edirəm. Burada təkcə qətl faktı yoxdur. Məlum oldu ki, tanınmış ticarət şəbəkəsində mühafizəçi kimi çalışan şəxs ümumiyyətlə ölkədə qanunsuz olub və cinayəti törətdikdən sonra gizlənə bilib”, – deyə Roman Pluğin bildirib.
Hadisədən sonra hüquq-mühafizə orqanları həmin ticarət şəbəkəsində miqrasiya qanunvericiliyinə əməl olunması ilə bağlı yoxlamalara başlayıb. Son reydlər zamanı 64 nəfər qeyri-qanuni miqrant aşkar edilib.
Rusiya qanunvericiliyinə əsasən, xarici vətəndaşların özəl mühafizə şirkətlərində çalışması qadağandır. Lakin DİN rəhbərliyinin məlumatına görə, bəzi biznes strukturları bu qadağanı formal şəkildə aşaraq miqrantları digər vəzifələrdə rəsmiləşdirir və faktiki olaraq mühafizəçi kimi işlədir.
Roman Pluğin bildirib ki, bu praktikanın qarşısını almaq üçün pərakəndə və topdansatış ticarət obyektlərində miqrantların işləməsinə tam qadağa qoyulması planlaşdırılır:
“Bu addım iqtisadiyyata zərbə vurmayacaq. 2025-ci ildə mağazalarda rəsmi patentlə çalışan təxminən beş min nəfər var. Amma real rəqəmin daha yüksək olduğunu və bir hissəsinin qeyri-qanuni işlədiyini anlayırıq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin şəhəri kimi tanınan Sankt-Peterburqda artıq miqrantların taksi və kuryer xidmətlərində çalışmasına qadağa tətbiq olunur. Yeni təklif olunan qadağa isə vizasız ölkələrdən gələn miqrantlara şamil ediləcək.
Bu siyahıya Azərbaycan, Özbəkistan, Tacikistan, Moldova və Ukrayna vətəndaşları daxildir. Qadağanın qəbul ediləcəyi təqdirdə, minlərlə Azərbaycan vətəndaşının Rusiyada ticarət sektorunda işləmək imkanları ciddi şəkildə məhdudlaşdırıla bilər.
Qanun layihəsinin 2026-cı il sentyabr 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Cavid, BakuPost