“Bakı Şəhəri İcra Hakimiyyətində keçirilən son iclasda “qanunsuz tikililər” məsələsi yenidən gündəmə gəlib. Açığı, bu məsələ dəfələrlə müzakirəyə çıxarılır, amma heç bir addım, qanuni baza, “əmlak amnistiyası” məsələsi həllini tapmır”.
Bakupost.az xəbər verir ki, bu sözləri “ReAl” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli açıqlamasında deyib.
N.Cəfərli qeyd edib ki, Suraxanı rayonunda qanunsuz tikililər məsələsini həll etmək üçün 1 ay vaxt verilib:
"Cəmi 1 ay, 30-40 ildir yaranan məsələni 1 aya həll etmək istəyirlər, mümkünsüz hədəflər qoyurlar.
Qanunsuz tikili nə deməkdir - bu anlayışı Azərbaycanda açmaq lazımdır. Əgər həmin vətəndaş ev tikibsə, ora artıq dövlət işıq, su və qaz çəkibsə və o da, məsələn, sayğac qoyub elektrik, yaxud su və qaz satırsa, deməli, dövlət bunu tanıyır. Tanımırdısa, qanunsuzdursa, niyə onda işıq çəkirdilər? Niyə qaz verirdilər? Niyə su verirdilər? Kommunal xidmətlər olmasa, insan yaşaya bilərmi? Yox, yaşaya bilməz. Dövlət şirkətləri vətəndaşa kommunal xidmət satırsa, deməli onu həmin tikilidə yaşamaq hüququnu tanıyıb - elə deyil? Ona görə də bu məsələ birdəfəlik həllini tapmalıdır. Yəni, qanunsuz tikili nə deməkdir, bu sökülərkən vətəndaşın hüquqları necə qorunmalıdır? Vətəndaş öz hesabına ev tikibsə və bu normal qaydalara uyğundursa, niyə ona çıxarış verilməsin?”
“Yəni bütün bu məsələlər kompleks həllini tapmalıdır. Təbii ki, bir aya bu problemi aradan qaldırmaq mümkün deyil. Bunun üçün qanunverici baza gücləndirilməli, bəlli qaydalara uyğun olan daşınmaz əmlak üçün amnistiya elan edilməli, vətəndaşlara çıxarışlar təqdim edilməlidir”, - deyə iqtisadçı bildirib.
Cavid, BakuPost