ABŞ həkimləri donor qaraciyərinin köçürülməsi üzrə yeni strategiyanın ilk iki klinik sınaq mərhələsini uğurla başa çatdırıblar. Bu üsul orqan resipiyentinə rədd edilmə reaksiyasından və immuniteti yatıran preparatların qəbulundan imtina etməyə imkan verir.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Pitsburq Universitetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu problemi eyni anda dörd xəstə üçün həll etmək mümkün olub.
"Bu dərmanların uzunmüddətli istifadəsi böyrəklərin zədələnməsinə, metabolik problemlərin yaranmasına səbəb olur və xəstələri infeksiyalara, diabetə, eləcə də xərçəngin bəzi növlərinə qarşı daha həssas edir. Biz otuz il ərzində xəstələri bu əlavə təsirlərdən qorumağa imkan verən bir yanaşma yaratmaq üzərində işləmişik və indi bu problemin həllinə doğru böyük addım atmışıq", - deyə Enqyus Tomson bildirib.
Tibb mütəxəssislərinin sözlərinə görə, insan qaraciyər hüceyrələrinin bölünmə qabiliyyəti bir çox hallarda donorun qaraciyərinin bir hissəsinin xəstəyə köçürülməsi ilə həyat xilas etməyə imkan yaradır. Bu üsul xəstənin həyatını xilas etsə də, onu ömrü boyu rədd edilmə reaksiyasını boğan dərmanlar qəbul etməyə məcbur edir.
Bu problemi həll etmək üçün ABŞ tədqiqatçıları onilliklər ərzində xəstənin immun sistemini yad orqana reaksiya verməməyə yönəldən terapiya üzərində işləyirlər. Tətbiq edilən üsul çərçivəsində həkimlər donorun qan dövranından rədd edilmə reaksiyasına cavabdeh olan immun dendritik hüceyrələri toplayır, onları xüsusi qaydada çoxaldır və cərrahi əməliyyatdan bir həftə əvvəl xəstənin orqanizminə daxil edirlər.
İdeal halda, donor və resipiyentin immun hüceyrələri arasındakı qarşılıqlı əlaqə nəticəsində immunitet köçürülmüş qaraciyəri yad orqan hesab etməyi dayandırır. Bu da dərman qəbulundan imtina etməyə şərait yaradır.
Bu yaxınlarda alimlər ağır qaraciyər xəstəliklərindən əziyyət çəkən 13 könüllünün iştirakı ilə bu qaraciyər nəqli strategiyasının ilk klinik sınaqlarını tamamlayıblar.
Tədqiqatçıların müşahidələri göstərib ki, onların yaratdığı yanaşma dörd könüllüdə rədd edilmə reaksiyasını tamamilə yatırmağa, sonrakı üç illik müşahidə müddətində isə daha üç iştirakçının qəbul etdiyi dərmanların dozasını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.
Alimlər bildiriblər ki, bu nəticə alternativ qaraciyər köçürülməsi strategiyaları ilə əldə olunan göstəricilərdən dəfələrlə yüksəkdir və terapiyanın olduqca perspektivli olduğunu göstərir.