Ru
15:10 / 04 Oktyabr 2025

Qərb Gürcüstanda hərəkətə keçdi: "Hakimiyyət dəyişikliyi olacaq"

Qərb Gürcüstanda hərəkətə keçdi: "Hakimiyyət dəyişikliyi olacaq"
Eye

Bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir. Eyni zamanda, müxalif düşüncəli vətəndaşlar geniş miqyaslı küçə aksiyaları ilə "hakimiyyətin dinc yolla dəyişdirilməsi"nə çalışacaqlarını açıqlayıblar. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də bildirib ki, onlar hökuməti geri çəkilməyə məcbur edəcəklər:

"İndiyədək cavab gözləyirdik, indi cavab və bütün qərarları biz verəcəyik. İndiyədək xoş niyyətə ümid edirdik, indi möhkəm iradə göstərəcəyik. İndiyədək gücə qarşı vuruşurduq, amma geri çəkilirdik, indi onları geri çəkilməyə məcbur edəcəyik. İndiyədək yığışıb-dağılışırdıq, indi onları darmadağın etmək üçün yığışırıq".


Maraqlıdır, hazırda Gürcüstanda başlayan prosesə Qərb dəstək verəcəkmi?
Qonşu ölkədə hakimiyyət dəyişikliyi mümkündürmü?

Mövzu ilə bağlı Bakupost.az - a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, hazırda Gürcüstanda baş verən hadisələrdə Rusiya və Qərb arasındakı qarşıdurmanın əlamətləri görünür:

“Gürcüstanda Qərb və Rusiya qarşıdurması mövcuddur. Uzun illərdir ki, Gürcüstanı “Gürcü Arzusu” idarə edir, ancaq heç kimə sirr deyil ki, “Gürcü Arzusu” əslində gürcülərin arzusu deyil, bu, daha çox Kremlin arzusudur. Çünki vaxtilə Saakaşvili hakimiyyəti devrildikdən sonra Rusiyameyilli hakimiyyət formalaşdı. Sonradan isə İvanişvili kənara çəkilsə də, partiyasını hakimiyyətə gətirdi və Gürcüstanı kənardan idarə etməyə başladı”.

E.Xalidbəyli vurğulayıb ki, Gürcüstanda Qərbə inteqrasiya tərəfdarlarının sayı həddindən artıq çoxdur:

““Gürcü Arzusu” partiyası nə qədər məhdudlaşdırıcı addımlar atsa da, istənilən halda müqavimət dalğası yüksəlir. Bu, öncəki seçkilərdə də müşahidə olunub. Hazırkı seçkilərdə isə qarşıdurma ən yüksək həddə çatıb. Böyük ehtimalla, bu dəfəki seçkilərdə Qərbə inteqrasiya tərəfdarları həlledici mübarizə üçün ayağa qalxacaqlar və böyük bir etiraz dalğası ilə “Gürcü Arzusu” partiyasını dəyişdirməyə cəhd göstərəcəklər.

Bu prosesin hansı səviyyədə uğurlu olub-olmayacağı hələ bəlli deyil, ancaq son müşahidələr göstərir ki, müxalifətin arxasında Qərb siyasi dairələri ciddi şəkildə dayanıb. Hətta Gürcüstanın hakim dairələri bəzi ölkələri, xüsusilə Almaniyanı Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edir. Bu isə onu göstərir ki, Gürcüstanda xarici ölkələrin təsiri kifayət qədər yüksəkdir və bu təsir əsasən, müxalifətin dəstəklənməsi istiqamətində özünü göstərir.


Əgər Rusiyanın Gürcüstana təsiri nisbətən zəifləsə, böyük ehtimalla yaxın vaxtlarda hakimiyyət dəyişikliyi baş verə bilər”.

Digər siyasi şərhçi Zərdüş Əlizadə isə qeyd edib ki, “Gürcü Arzusu” partiyası möhkəmdir və güc strukturları vəziyyətə nəzarət edir:

“Müxalifət pərakəndədir, güclü liderləri yoxdur, əvvəllki illərə nisbətən geniş xalq kütləsinin etimadını qazanmayıblar. Çarəsizlikdən, əlacsızlıqdan bu çağırışı ediblər, amma mən əminəm ki, “Gürcü Arzusu” partiyasını hakimiyyətdən kənarlaşdıra bilməyəcəklər”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar