İran Avropa ölkələrini İsrail və ABŞ-ın hərbi əməliyyatlarına qoşulmamağa çağırıb.
Bakupost.az Ölkə.az-a istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Avropanın mümkün iştirakının “müharibə aktı” kimi qiymətləndiriləcəyini bildirib.
“İrana qarşı hər hansı hərəkət təcavüzkarlarla əlbirlik sayılacaq. Bu, İrana qarşı müharibə hesab ediləcək”, - o deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-yə qarşı sanksiya tətbiq olunması ehtimalını istisna edib. Onun sözlərinə görə, bu, “Rusiyanın metodu deyil”.
London və Paris bazaları gücləndirir
Regionda gərginlik fonunda Avropa ölkələri hərbi mövcudluğunu artırır.
"The Times" yazır ki, Böyük Britaniya Aralıq dənizinə hava hücumundan müdafiə esminesi "HMS Duncan" göndərir. Məqsəd Kiprdəki RAF Akrotiri bazasının qorunmasını gücləndirməkdir.
"Le Monde" isə Fransa tərəfindən BƏƏ-yə qırıcı təyyarələrin yerləşdirildiyini yazır.
İranın sərt ritorikası göstərir ki, Tehran münaqişəni regional çərçivədən çıxarmaq istəmir və Avropanı neytral saxlamağa çalışır. Eyni zamanda Böyük Britaniya və Fransanın bazalarını gücləndirməsi faktiki olaraq risklərin real qiymətləndirildiyini göstərir. Moskvanın ABŞ-a qarşı sanksiya tətbiq etməyəcəyini deməsi isə Rusiyanın birbaşa qarşıdurmadan yayınmaq, lakin diplomatik manevr imkanlarını qorumaq istədiyini göstərir.