"JP Morgan"-nın hesabatına əsasən, qızılın qiymətində yüksəliş trendi 2026-cı ilə qədər davam edə bilər.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bankın Qlobal Strategiya rəhbəri Aleks Volf inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının intensiv qızıl alışlarının qiymət artımını dəstəklədiyini bildirib.
Hesabata əsasən, qızılın bir unsiyasının qiyməti 5000 dolları keçə və 2026-cı ilin sonuna qədər 5200–5300 dollara yüksələ bilər. Bu, indiki səviyyədən təxminən 25%-dən çox artım deməkdir.
Oktyabrda qızılın unsiyası 4380 dolları keçərək tarixi maksimumu yeniləyib. Son həftələrdə qismən geri çəkilmə müşahidə olunsa da, qızıl ilin əvvəlindən 50%-dən çox bahalaşıb.
"Dünya Qızıl Şurası"nın məlumatına görə, 2024-cü ilin sentyabr ayına qədər mərkəzi banklar ümumilikdə ehtiyatlarına 634 ton qızıl əlavə ediblər. Bu, son üç ilin eyni dövrü ilə müqayisədə az olsa da, 2022-ci ildən əvvəlki orta göstəricilərdən xeyli yüksəkdir.
Şura 2025-ci il üçün illik alımların 750–900 ton aralığında olacağını gözləyir. Bu prosesə xüsusilə Çin rəhbərlik edir. Pekin hökuməti ABŞ mərkəzli maliyyə sistemindən asılılığı azaltmaq məqsədilə qızıl ehtiyatlarını sabit şəkildə artırır.
Oxşar proqnozlarla "Goldman Sachs Group Inc." də çıxış edib. Bank 2026-cı ilin son rübündə qızılın unsiya qiymətinin 4900 dollar səviyyəsinə qədər yüksələcəyini proqnozlaşdırır.