Dünya Qızıl İttifaqının (WGC) yeni hesabatına görə, bu ilin üçüncü rübündə qlobal qızıl tələbi ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 1313 tona yüksəlib. Bu, indiyədək qeydə alınan ən yüksək rüblük göstərici olub və ümumi bazar dəyəri 146 milyard dollar təşkil edib.
Bakupost.az “Bloombergə” istinadən xəbər verir ki, artım əsasən investisiya tələbindəki canlanma ilə əlaqələndirilir. Qızıl investisiyası 537 tona çatıb. Zərgərlik tələbi isə dünya üzrə 19% azalıb.
Geosiyasi gərginliklər və ABŞ dollarının zəifləməsi qızıla marağı artırıb. Mərkəzi banklar da aktiv alışlarını davam etdirərək, rüb ərzində 220 ton qızıl ehtiyatı toplayıblar. Bu, əvvəlki rübdən 28%, ötən ilin eyni dövründən isə 10% çoxdur. Ümumilikdə ilin ilk doqquz ayında bankların xalis alışı 634 ton olub.
“WGC” məlumatına görə, Qazaxıstan (18 ton), Braziliya (15 ton) və Türkiyə (7 ton) ən çox qızıl alan mərkəzi banklar olub.
Cavid, BakuPost