PA və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ötən gün yayılan məktubunun “çatışmayan cəhəti” nə vaxt, harada yazıldığı və kimə ünvanlandığının bilinməməsidir.
Doğrudur, Ramiz Mehdiyevin artıq çevriliş üçün Rusiyadan yardım istədiyi haqda məlumat var. Ancaq Rusiyada kimdən, hansı qurumdan və hansı formada yardım dilənib? - bunu bilmirik və yayılan məktub da bu suallara aydınlıq gətirmədi.
Görünür, bu məktub Rusiyanın bəlli qurumlarına ünvanlanan “ilk müraciət” deyil, bundan öncə müraciət olub və yaxud bu məktub tam deyil, əvvəlki səhifələr, yarımbaşlıqlar var.
O yarımbaşlıqlar və yaxud öncəki müraciətlərin yayılmamasının səbəbi “adlı siyahı”lar ola bilər, vaxtı çatdıqca, o adlar da cəmiyyətə təqdim ediləcək.
Buna baxmayaraq, yayılan bu hissə də Ramiz Mehdiyevin əməlləri üzərinə işıq tutmaq üçün növbəti “şamdır”.
Ramiz Mehdiyevin yazdıqlarına diqqət edək:
1. “Son illərdə Azərbaycanda dövlət idarəetmə sistemini, eləcə də iqtisadi həyatı əhatə edən dərin böhran köklü islahatların və dəyişikliklərin aparılmasını tələb edir. Bir tərəfdən mövcud idarəetmə strukturunun səmərəsizliyi mövcud hökumətin xarakteri, əxlaqı və baxışları ilə izah olunursa, digər tərəfdən bu struktur avtoritarizm tərəfindən iflic edilmiş qəddar bir ruhla bağlıdır”.
Mehdiyev idarəetmə sistemindəki “səmərəsizlikdən”, “axlaq”dan narazıdır, “strukturun avtoritarizm tərəfindən iflic edilməsindən” qəzəblənib.
Təsəvvür etmək belə çətindir ki, Ramiz Mehdiyev - hamını illərlə qorxuda saxlayıb, ona qarşı tənqidi fikir səsləndirənləri və yaxud ümumiyyətlə sevmədiklərini ən ağır şəkildə cəzalandırması ilə fərqlənən balacaboy qoca əxlaqdan danışır, avtoritarizmin strukturu iflic etməsindən dəm vurur.
Bu ölkədə 90-cı illərin ikinci yarısından ən radikal müxalif mediada təmsil olunanlar yaxşı xatırlayır: Heydər Əliyev kimi nəhəngi tənqid etməyin heç bir qorxusu yox idi, ancaq sən Ramiz Mehdiyevi tənqid edərdinsə, onun adını çəkərdinsə, ən yaxşı halda həbs ediləcəkdin, ən pis halları isə saymaqla bitməz: bura ən ağır şəkildə fiziki-siyasi-hüquqi şiddətdən tutmuş bütün nəslinlə birgə “cavab verməyə” qədər, hər şey daxil idi.
İndi isə Ramiz Mehdiyev “avtoritarizmdən” bəhs edir, “qəddar ruhdan” danışır - bəlkə də kabus görür, axı, hər necə olsa, 87 yaşındadır və bir ayağı, yəni bir gözü əməllərinin nəticələrini “görə” də bilər.
2. “İqtisadi həyatı əhatə edən dərin böhran”dan danışır, yaşını unudub, özünün “xilaskar Mehdi” kimi göstərməyə çalışır.
Ramiz Mehdiyevin rüşvət və korrupsiya ilə əldə etdiyi milyardlar yeni-yeni üzə çıxmaqdadır. Yüzlərlə daşınmaz əmlak, villalar, bahalı maşınlar, o cümlədən saysız-hesabsız obyektlər, banklar Mehdiyevin necə bir “xilaskar” olduğunu göstərir.
Mehdiyevin ölkə daxilindəki və xaricindəki sərvətinin həcminə yəqin ki, İlon Mask təəccüb edərdi - onun bütün sərvətinin siyahısını tutmaq yəqin ki, bir neçə min cildlik cinayət işlərinə ancaq sığar.
3. Ramiz Mehdiyev “yeni idarəetmə” modeli təklif edir - guya: yeganə yenilik 50 nəfərlik “Dövlət Şurası”dır, bir də “seçkilərin” müddətini uzatmaq, 7 illik etməkdir.
“Dövlət Şurası” ideyası hardan yaranıb, bəlli deyil; bəlli olan Ramiz Mehdiyevin “akademik yanaşma” sərgiləməyə çalışdığı halda özünü ifşa etməsidir. Azərbaycan Konstitusiyasında “Dövlət Şurası” yoxdur. Mehdiyev “DŞ” yaratmaq istəyibsə, onda “hakimiyyətin zorla ələ keçirilməsi” ilə yanaşı, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə də cəhd edib və bu, ayrıca ittiham kimi irəli sürülməlidir.
4. Mehdiyev “demokratik prinsip” kimi 50 nəfərlik “şura üzvünün” qeyri-məhdud səlahiyyətlərindən bəhs edir, ancaq hər şeyi Sədr aparatına bağlayır: “DeŞe” üzvünün səlahiyyətini əlindən almaq görəvi də sədrə həvalə edilir - tam bir diktatura.
5. Mehdiyev iddia edir ki, “bu cür dəyişikliklər ölkəni prezident respublikasından hakimiyyətə nəzarət etmək üçün effektiv mexanizmə malik parlament respublikasına çevirəcək”.
Buna kim deyib ki, Azərbaycan xalqı parlament respublikası istəyir? Dünyanın hazırkı durumu prezident üsul-idarəsinin çevik qərarlar üçün nə qədər effektiv olduğunu dəfələrlə sübut edib və təsadüfi deyil ki, Türkiyə özü belə prezident idarəetməsinə keçid məcburiyyətində qaldı. Mehdiyevin yardım istədiyi ölkədə idarəetmə hansı modeldir ki?
Mehdiyev “parlament respublikası” yaradıb, kimin qulluğunda durmaq istəyirdi?
Nəhayət, sonuncu: Ramiz Mehdiyev sanki demokratiyanın beşiyi olan ölkədən “yardım-çarə” istəyir. Bu məktub-müraciət Rusiyaya ünvanlanmayıbmı?
Əlbəttə ki, bu məktubun bu cür hazırlanması da təsadüfi xarakter daşımır. Sanki “çevriliş zamanı” xilaskar “12-ci ordu”nu qarşılayarkən, əsasına dirənib çəpik çalacaq Mehdiyev “şanlı məktubunun” oxunacağını, yayılacağını, xalqın “istiqlal mətninə” dönüşdürüləcəyini də hesablayıb. Ona görə də Trampı, Makronu, Starmeri heyrətdə qoyacaq, Mandellanı, Qandini kölgədə buraxacaq bir “demokratiya sistemi” görüntüsünü yaratmağı da hesablayıb.
Dəccal Mehdiyevin məkri keçmədi...
Asena,
BakuPost