Ramiz Mehdiyev həqiqətənmi dövlət çevrilişinə cəhd etməyə qadirdir? Bəli! Söhbət cəhdin uğurlu olub-olmamasından getmir. Onun buna qadir olduğuna inanmasından gedir.
Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
“Hakimiyyətin üç qolu var: qanunverici, icra və məhkəmə. Hamısında da Mehdiyevin yetirmələri az deyil”, - o bildirib.
Hüquqşünas Milli Məclisin mümkün qiyamı tanıya biləcəyinə inandığını söyləyib, həmçinin icra strukturlarında onun çoxlu kadrları olduğunu vurğulayıb.
O iddia edib ki, məhkəmə sistemində də Mehdiyevin dövründə və xeyir-duası ilə təyin olunanlar hələ də əksəriyyət təşkil edir:
“İş metodları da dəyişməyib (hökumətdə heç olmasa dəyişiklik var). İstənilən qanunsuz qərarı qəbul edə bilərlər.
Deməli, təxminən 20 il bundan əvvəl Rasim Məmmədov (hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri) Mehdiyevin adından hərəkət edərək bir biznes sahibi olan ər-arvaddan həmin biznesi zorla almışdı. Biznesin yeni sahibləri isə Rasim Məmmədov və Mehdiyevin baldızı Nazi Çanturiya olmuşdu. Ər-arvad pul tələb edəndə Məmmədov onlara demişdi ki, sizi öldürmək mənə daha sərf edir, nəinki pul vermək. Ər bir müddət sonra xəstələnib vəfat edib. Arvadı isə hədə-qorxu ilə üz-üzrə qalaraq xaricə getməyə məcbur olmuşdu. Rasim Məmmədov həbs olunanda xanım Azərbaycana döndü və biz Məmmədova və Çanturiyaya qarşı iddia qaldırdıq ki, biznesin guya satılması müqaviləsi etibarsızdır, çünki hədə-qorxu əsnasında bağlanılıb və pul da verilməyib (hətta onların gətirdiyi şahid də bu faktı təsdiqlədi!).
Məhkəmə gedişatında Məmmədovun və Çanturiyanın nümayəndələri Mehdiyev barədə mənfi danışmağıma dərhal reaksiya verirdilər: ay, nə bilim, Ramiz müəllim belə şəxsiyyətdir, elə şəxsiyyətdir, dövlət təltiflər var və s. və i.a. Ən əsası isə işin mahiyyətindən demək olar ki, danışmırdılar. Əsas arqumentləri iddia müddətinin ötməsi idi. Deyirdilər ki, niyə iddianı indi veririk, üstündən 15 ildən çox müddət ötüb? Cavab verirdim: ona görə ki, hədə-qorxu amili hələ indi aradan qalxıb nisbətən. Çünki Ramiz Mehdiyev artıq vəzifədə deyil, Rasim Məmmədov isə həbsdədir, amma hətta həbsdə ola-ola da güclüdür: məsələn, Əvəz Zeynallını tutdurdu.
Buna baxmayaraq, bütün məhkəmə instansiyaları Rasim Məmmədovun və Çanturiyanın, daha doğrusu Ramiz Mehdiyevin tərəfini tutdu. Sonuncu məhkəmə qərarını bir il əvvəl Ali Məhkəmə qəbul etdi. Odur ki, Ramiz Mehdiyevin gücünün əyani şahidiyəm. Onu da bilirəm ki, o, Lenin kimi öləndən sonra da sağ olacaq. Gedən cismi olacaq, ruhu məmurlarımızın əksəriyyətində olacaq...”