Ru
14:30 / 16 Oktyabr 2025

Ramiz Quliyev II Fəxri xiyabanda dəfn edildi

Ramiz Quliyev II Fəxri xiyabanda dəfn edildi
Eye

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Ramiz Quliyevin yaratdığı sənət Azərbaycan mədəniyyətində dərin izlər qoyub: “O, mədəniyyətimizin dünyada tanıdılmasında böyük işlər görüb. Onun yaradıcılığı və ifası daim yaddaşımızda və mədəniyyətimizdə yaşayacaq”.

Xalq artisti Fərhad Bədəlbəyli qeyd edib ki, dostu Ramiz Quliyev haqqında danışmaq ona çətindir: “Biz onunla bir çox ölkələrdə səfərlərdə olmuşuq. O, əsl pedaqoq idi, neçə-neçə kitabların müəllifidir. Ramiz kimi sənətkarlar sənətin elitasıdır. Belə sənətkarlara hər zaman diqqət göstərmək lazımdır.”

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə çıxışında bildirib ki, Ramiz Quliyev Azərbaycan musiqisində özünəməxsus iz qoyub: “Həqiqətən də Ramiz müəllim XX əsrin özünəməxsusluğunu musiqimizə gətirmişdi. O, Azərbaycan musiqisini yüksək səviyyədə nümayiş etdirib. Onun ifaları gələcək nəsillər üçün dərslikdir. Ramiz müəllimin xatirəsi hər zaman yaddaşımızda yaşayacaq.”

Xalq artisti Vamiq Məmmədəliyev isə qeyd edib ki, Ramiz Quliyev təkcə ifası ilə deyil, həm də pedaqoq kimi böyük işlər görüb, gözəl tələbələr yetişdirib.

Sonra Xalq artisti Mənsum İbrahimov isə Ramiz Quliyevin özündən sonra böyük bir tar ifaçıları məktəbi qoyduğunu vurğulayıb.

Sonda sənətkarın oğlu, Əməkdar artist Əyyub Quliyev vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib.

Daha sonra Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn edilib.

*******
11:41
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, mərhum sənətkar II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, xalq artisti Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi səbəbindən sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimində bildirib ki, Ramiz Quliyevin vəfatı xalqımız və mədəniyyətimiz üçün böyük itkidir.

Nazirlik rəsmisi Xalq artistinin Azərbaycan musiqisinin dünyada tanıdılmasında əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb: “O, peşəkar ifası ilə Azərbaycan milli musiqisini dünya arenasında təbliğ edib. Yüzlərlə tələbə yetişdirib, çox yüksək pedaqoji qabiliyyətə malik idi. Əminəm ki, Ramiz Quliyevin tələbələri onun zəngin mədəni irsini daim yaşadacaqlar”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar