Ru
12:57 / 10 Yanvar 2026

Rejimdən hədə dolu bəyanatlar – Xamenei təhlükəsizliyini SEPAH-a həvalə etdi

Rejimdən hədə dolu bəyanatlar – Xamenei təhlükəsizliyini SEPAH-a həvalə etdi
Eye

Tehranın baş prokuroru etirazçıları hədələyən bəyanat yayıb.

Bakupost.az İran mediasına istinadən məlumatına görə, bəyanatda deyilir ki, “biz silahlı qarşıdurmaların təşkilatçılarına qarşı heç bir güzəşt etməyəcəyik. Onlara ‘Fəsad fi-l-ərz’ – yəni ‘yer üzündə fitnə yaymaq’ maddəsi ilə ittiham irəli sürüləcək. Bu maddə ölüm cəzasını nəzərdə tutur.”

Bu açıqlama ölkədə iğtişaşların genişlənməsi və hakimiyyətin sərt repressiv addımlar atmağa hazırlaşdığı barədə siqnal kimi dəyərləndirilir.

***

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricanı ölkədə baş verən iğtişaşların arxasında ABŞ və İsrailin dayandığını bildirib. Laricanı qeyd edib ki, son hadisələr zamanı İranın milli və dini rəmzləri məqsədli şəkildə hədəf alınıb.

O, həmçinin iğtişaşların ölkədə sabitliyi pozmaq məqsədilə xarici qüvvələr tərəfindən yönləndirildiyini vurğulayıb və təhlükəsizlik orqanlarının vəziyyətə tam nəzarət etdiyini bildirib.

***

İranın BMT-dəki səfiri Amir Səid İrəvani BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirib ki, ABŞ ölkədəki iğtişaşlar və zorakılıq hadisələrinə görə məsuliyyət daşıyır.

İrəvani ABŞ-ın İsrail rejimi ilə əməkdaşlıq edərək İranın daxili işlərinə müdaxilə etməsini qəti şəkildə pisləyib. O qeyd edib ki, bu müdaxilə təhdidlər, təşviq və zorakılığı məqsədli şəkildə təhrik etməklə ölkədə sülh və sabitliyi pozmağa yönəldilir.

Səfir həmçinin bildirib ki, İran bu sabitliyi pozan hərəkətləri BMT Nizamnaməsinin pozulması kimi qəbul edir və pisləyir.

Məlumat “Mehr News” agentliyi tərəfindən yayımlanıb.

***

İranın sabiq prezidenti, islahatçıların liderlərindən Məhəmməd Hatəmi etiraz aksiyaları ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, “xalqın etiraz etmək və dinc şəkildə yürüş keçirmək hüququ var. Amma məscidləri yandırmaq, öz çalışdıqları binaları yandırmaq vandalizmdir. Onlar cəzalandırılmalıdır. Amma bu gün etiraz edən xalqa qarşı zorakılıq etmək də qəbul edilməzdir. Çünki xalqı bu hala salan idarəetmədir, sistemdir. Xalq yaxşı yaşayış, rifah, yüksək maaş, yüksək təqaüd tələb edir.

Əgər bunlar yoxdursa xalq nə etməlidir. İnsanlar öz övladlarını doldurmaq, onlara yaxşı gələcək qurmaq yaxşı təhsil vermək istəyirlər. Bunları təmin edə bilmiriksə etirazları da normal qarşılamalıyıq”.

***

“British Telegraph” qəzetinə danışan iranlı mənbənin bildirdiyinə görə, ölkənin dini lideri Əli Xamenei İslaqm İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) maksimum döyüş hazırlığı rejimində qalmaq əmri verib. Qeyd olunur ki, bu səviyyə iyun ayında baş vermiş müharibə dövründəki hazırlıqdan da yuxarıdır.

Mənbəyə əsasən, Xamenei digər qurumlarda mümkün xəyanət risklərinə qarşı öz təhlükəsizliyini də SEPAH-a həvalə edib.

Həmçinin bildirilir ki, təhlükəsilik qurumu raket bunkerləri tam komplektləşdirilib və aktivləşdirilib.

***

Dünən İranın qərbində yerləşən Kirmanşah əyalətində baş verən etirazlar zamanı 8 SEPAH zabitinin öldürüldüyü bildirilir. Bununla bağlı, İran dövlət televiziyası “IRIB News” məlumat yayıb.

Bildirilib ki, silahlı şəxslər təhlükəsizlik qüvvələrinə atəş açıb. Dövlət televiziyası hadisə ilə bağlı olduğunu iddia etdiyi görüntüləri də yayımlayıb.


***

Son həftəki etirazlarda azı 217 nəfər güllə yarası nəticəsində həlak olub. "Time" İrandakı mənbələrə istinadən xəbər verir ki, ölənlərin çoxu gənclərdir. Tehranın şimalında polis məntəqəsi yaxınlığında təhlükəsizlik qüvvələri etirazçılara pulemyotla atəş açması nəticəsində bir neçə nəfər həlak olub.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar