Rusiya növbəti dəfə keçmiş sovet ölkələrinə təzyiq vasitəsi kimi informasiya silahına əl atıb. Bu dəfə hədəfdə Moldova var.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı rəsmi bəyanatda iddia olunur ki, NATO Moldova ərazisindən Rusiya ilə gələcək hərbi qarşıdurmada istifadə etməyə hazırlaşır.
Bakupost.az modern.az-a istnadla bildirir ki, Brüssel Moldova ərazisini Şimali Atlantika Alyansının şərq cinahında Rusiyaya qarşı dayaq məntəqəsinə çevirməyi planlaşdırır.
Bu xəbər Vladimir Putinin “Rusiya kollektiv Qərbin təzyiqlərinə təkbaşına müqavimət göstərir” fikrini səsləndirdiyi müsahibədən dərhal sonra yayımlanıb. Rusiyanın informasiya maşını tərəfindən sistemli şəkildə yayılan bu mesaj, əslində, Ukraynada davam edən müharibənin yeni fazaya keçə biləcəyinə dair xəbərdarlıq kimi də şərh olunur.
Moskvanın SVR vasitəsilə verdiyi ismarıcın ən mühüm hissəsi budur: “NATO Moldovada hazırlıq işləri aparır, çünki Rusiya ordusunun Ukraynadakı irəliləyişi davam edir.”
Bu isə Kremlin bölgədə genişmiqyaslı hücum əməliyyatı planlaşdırdığına işarə edir, ekspertlər qeyd edir ki, nəticədə Rusiya qoşunları Moldova ilə sərhədə qədər irəliləyə bilər.