Çeçenistan rəhbəri Ramzan Kadırovun Türkiyənin Bodrum şəhərində dənizdə boğulma təhlükəsi ilə üzləşməsi getdikcə daha çox müzakirəyə səbəb olur.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, çeçen əsilli nüfuzlu şəxslər arasında yayılan məlumatlara əsasən, Kadırovun çoxdan davam edən xəstəliyi səbəbindən son zamanlar ciddi ağrılar yaşadığı, güclü dərmanlara ehtiyac duyduğu və çətinliklə hərəkət etdiyi bildirilir. Buna görə də o, demək olar ki, ictimaiyyət arasında görünmür. Bodrumdakı vəziyyət də bu cür olub. Adı açıqlanmayan mənbənin məlumatına görə, Kadırovun həyatını öz mühafizəçiləri deyil, ətrafdakı başqa adamlar xilas ediblər:
“Heç kim düşünmürdü ki, o, harasa gedəcək, nəinki çimərliyə. Mühafizə də ehtiyatsız davrandı. O, suya tək girdi. Görünür, bu təsadüf deyildi. Yayılan versiyaya görə, Kadırovun dənizdən qayıtmaq fikri yox idi, lakin çimərlik mühafizəsinin müdaxiləsi planlarını dəyişdi”.
Mənbənin sözlərinə görə, bu versiyanı dəstəkləyən faktlardan biri də Kadırovun guya artıq vəsiyyət yazması ilə bağlı yayılan məlumatlardır. Həmin vəsiyyətə görə, Kadırov vəfat edərsə, Çeçenistana onun oğlu Adam (Dustum) qanunla rəhbərlik edə bilənə qədər respublikanı rəsmi olaraq Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov idarə etməlidir.
Bildirilir ki, Kadırov Çeçenistan rəhbəri postuna varis kimi oğlu Adamı Vladimir Putinə qəbul etdirməyə çalışır. Lakin Rusiya prezidenti buna qarşıdır. Kadırov isə narahatdır ki, onun ölümündən sonra hakimiyyət “yad əllərə” keçə bilər.
VÇK-OGPU teleqram kanalının məlumatına görə, Bodruma getməzdən əvvəl Kadırovun kanalında onun iştirak etdiyi bir neçə video yayımlanıb. Həmin videolarda Kadırovun səhhətinin yaxşı olmadığı hiss olunur. Belə ki, operator yaxın planlardan çəkinir və videolarda Kadırovun danışdığı kadrlar demək olar ki, yoxdur.
Aysel,
BakuPost