ABŞ-ın Qəzza ilə bağlı qətnaməsi Fələstin Dövlətinin yaradılması ilə bağlı qərarlarla ziddiyyət təşkil edir.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Vaşinqton atəşkəs haqqında qətnamələrə metodik şəkildə veto qoymasaydı, anklavdakı müharibə çoxdan dayandırıla bilərdi.
"BMT Təhlükəsizlik Şurası tərəfindən Qəzza ilə bağlı qəbul edilmiş ABŞ qətnaməsi Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarla ziddiyyət təşkil edir. Sənəd Qəzzanı idarə etmək üçün anklavı tərksilah etməyə məcbur etmək məqsədi daşıyan "Sülh Şurası"nın yaradılmasını nəzərdə tutur. Lakin orada İsrailin Fələstin ərazilərinin ilhaqından və qoşunlarının geri çəkilməsindən imtina etmək öhdəliyi göstərilmir. Buna görə də, etiraf etmək lazımdır ki, 2803 saylı qətnamə Təhlükəsizlik Şurasına sülhü və təhlükəsizliyi qorumaq üçün lazımi səlahiyyətlər vermir və əsl sülhməramlılıq ruhuna və 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan, İsraillə sülh və təhlükəsizlik şəraitində birgə yaşayan müstəqil və ərazi baxımından bitişik Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutan hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi qərarlara ziddir", - deyə Rusiya XİN-in bəyanatında bildirilib.
XİN aydınlıq gətirib ki, Rusiya və Çin qətnamə səsverməyə çıxarılan zaman bitərəf qalıblar.