Rusiyanın Buryatiya Respublikasında dağlıq ərazidə qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapılıb.
Bakupost.az xəbər verir ki, bu barədə respublikanın Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Məlumata görə, Buryatiya dağlarında 38 və 45 yaşlı iki alpinistin cəsədi aşkarlanıb.
Qrupun sonuncu üzvü, 1985-ci il təvəllüdlü şəxsin axtarışları davam etdirilir.
Xatırladaq ki, Krasnoyarskdan olan yeddi nəfərlik turist qrupu peşəkar bələdçinin müşayiəti ilə Munku-Sardık zirvəsindəki aşırımlardan birində qar uçqununa düşüblər.
Turistlərdən üçü uçqunun yaxınlığında olmayıb. Onlar xəsarət alıblar, lakin hadisəni ratsiya vasitəsilə xəbər verə biliblər.
Xilasedicilər turistlərə yetişəndə üç nəfəri sağ, bir nəfəri isə ölmüş vəziyyətdə tapa bilmişdilər.
Sağ qalanların müxtəlif dərəcəli xəsarətlər aldıqları bildirilir. Digərlərinin axtarışları davam etdirilirdi.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, bu, sözügedən ərazidə son günlər baş verən ikinci oxşar hadisədir. Daha əvvəl Munku-Sardık dağından eniş zamanı üç nəfər turist donaraq ölmüşdü.