Rusiyanın Sverdlovsk vilayət məhkəməsində Azərbaycan diasporunun sabiq lideri Şahin Şıxlınski ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi artıq son mərhələyə yaxınlaşır.
Bakupost.az Ura.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhər sakini olan azərbaycanlı haqqında ağır cəza tələb edilib. Dövlət ittihamçısı Şıxlınskini iki cinayətdə təqsirli bilərək 23 il müddətinə həbs cəzası istəyib.
Şıxlınski ilə birlikdə mühakimə olunan Səfərov qardaşlarından Aqifə 23, Ayaza 22, Kamala 18, Bəki və Məzahirə isə 13 il müddətinə həbs cəzası tələb olunub. Həmçinin Şucayəddin Rəcəbov üçün 15 il həbs cəzası istənilir. Keçən həftə məhkəmə kollegiyası hökmünü açıqlayıb və təqsirləndirilənlərin güzəştə layiq olmadığını bildirib. Hazırda hakim Yuri Radçuk hökmü elan etmək üçün məxfi müşavirə otağına keçəcək.
İstintaqın məlumatına görə, təqsirləndirilənlər 2001-ci ildə iş adamı Yunis Paşayevin qətlinin təşkili və 2010-cu ildə iş adamı Fəhruz Şirinova qarşı sui-qəsd cəhdi ilə bağlı ittiham olunurlar.