“Moldovada keçirilən parlament seçkilərində prezident Maya Sandunun partiyası PAS 50% səs alaraq parlament çoxluğunu qorudu. PAS 101 millət vəkilindən ibarət parlamentdə 55 mandata sahib olacaq və yeni hökuməti təkbaşına formalaşdıracaq”.
Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli bildirib.
“Rusiyanın yaratdığı, keçmiş prezidentlər Voronin və Dodonun, eləcə də qaqauzların sabiq lideri İrina Vlahın rəhbərlik etdiyi Sosialistlərin, Kommunistlərin Vətənpərvər Seçki Bloku cəmi 24% səs toplayaraq Kremlin ona bağladığı ümidləri doğrultmadı” - deyə o, qeyd edib.
Onun sözlərinə görə, bu nəticələr şübhəsiz ki, M.Sandunun aqressiv rus imperializmi üzərində zəfəridir:
“Bu zərif və sadə qadın son illər, xüsusən qonşu Ukraynada müharibə başladıqdan sonra Rusiyanın aramsız təzyiqlərinə, hibrid savaş taktikalarına sinə gərib, bütün təxribatları boşa çıxarmağı bacara bildi. Nədən ibarət idi bu təzyiqlər və təxribatlar? Enerji şantajı, ənənəvi Dnestr və qaqauz separatizmi, sosial-iqtisadi çətinliklər bəhanə edilərək davamlı etiraz aksiyalarının təşkili və ölkədə xaos yaratma cəhdləri, bank oğrusu (məşhur 1 milyard dollarlıq oğurluğun müəllifi), iş adamı, İsrail tərəfindən də himayə olunan mühacir siyasətçi İlon Şor vasitəsilə seçicilərin pulla ələ alınması üçün şəbəkələr qurulması, Serbiyada təlim görmüş təxribatçı dəstələrin Moldovaya göndərilməsi və s...”
Ş.Cəfərli bildirib ki, Avropa liderləri də Moldovanın strateji əhəmiyyətini dərk edərək Maya Sanduya dəstək verdilər:
“Çünki Moldova məsələsi artıq Avropanın təhlükəsizliyinə təsir edən bir faktora çevrilmişdi. Rusiyanın adamları hakimiyyətə qayıtsa, Moldova ərazisindən Ukraynaya qarşı - özü də strateji əhəmiyyəti misilsiz olan Odessa istiqamətində - yeni bir cəbhə açıla bilərdi. Seçki ərəfəsində iki dəfə Moldovaya səfər edən Aİ rəhbərliyi, Fransa və Almaniya liderləri Moldovanın Avropa Birliyinə qəbul olunacağına dair aydın və birmənalı mesajar verdilər. Əhali də gördü ki, Sandunun onlara təqdim etdiyi Avropa vizyonu illüzor bir perspektiv yox, gerçəklikdir. Nəticədə xalq ölkəni keçmişin qaranlığına qaytarmaq istəyənlərə yox, işıqlı gələcəyə aparmaq vədi verənlərə dəstək oldu”.
Siyasi şərhçi Moldova diasporasının rolunu da xüsusi vurğulayıb:
“Avropada yaşayan və çalışan moldovalılar növbəti dəfə ölkələrinə sahib çıxaraq seçkinin nəticəsinə ciddi təsir göstərdilər. Diasporanın səsləri olmasaydı, PAS ölkə içərisində 1-ci olsa belə, parlamentdə çoxluq yarada bilməyəcəkdi.
Yeni dönəmdə M.Sandunun prioritet vəzifələri dövlət quruculuğunu və AB-yə inteqrasiyanı uğurla başa çatdırmaq (Sandudan əvvəl Moldova dövlətçiliyi sadəcə kağız üzərində idi); ölkənin enerji müstəqilliyini tam təmin etmək; yoxsulluğu aradan qaldırmaq; Dnestr və qaqauz separatizmini bitirməyə çalışmaq olacaq”.
Lalə, Bakupost