Ru
14:42 / 13 Aprel 2026

Sənədsiz evlər, əlacsız insanlar - Dövlət qurumları böhranı niyə dərinləşdirir?

Sənədsiz evlər, əlacsız insanlar - Dövlət qurumları böhranı niyə dərinləşdirir?
Eye

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Xəzər TV” və “Report”a müsahibəsində bildirib ki, sənədsiz evlərə su verilməyəcək.

Bakupost.az xəbər verir ki, son illər eyni yanaşmanı digər kommunal qurumlar da sərgiləyir: “çıxarış”ı olmayan tikililərə nə elektrik çəkilir, nə də qaz verilir.

Formal baxımdan bu yanaşma qanunvericiliyə söykənir. Amma məsələni yalnız hüquqi çərçivədə izah etmək onun əsl mahiyyətini gizlədir.

Çünki ilin-günün bu vaxtında, süni intellekt əsrində, dünyanın ən müasir və gözəl şəhərlərindən biri sayılan Bakıda “sənədsiz ev” ifadəsinin özü tragikomediyadır. “Sənədsiz ev” nə deməkdir? İnkişaf etmiş ölkələrdə bu cür anlayış yoxdur.


Digər tərəfdən, “sənədsiz evlərə su verilməyəcək” xəbərdarlığı əslində kimə yönəlir? İlk baxışda bu, vətəndaşa ünvanlanmış mesaj kimi görünür. Halbuki Azərbaycanda “sənədsiz ev” anlayışı ayrı-ayrı vətəndaşların fərdi qanun pozuntusunun nəticəsi deyil. Bu, sistemli idarəetmə boşluğunun, uzun illər formalaşmış qeyri-sağlam münasibətlərin məhsuludur.

Bu qədər sənədsiz ev təsadüfən yaranmayıb, göydən düşməyib. İnsanlar torpaq alıb, ev tikib, illərlə orada yaşayıb. Bütün bunlar dövlət qurumlarının gözü qarşısında, nəzarəti altında baş verib. Problem isə vətəndaş həmin mülkiyyəti rəsmiləşdirmək istəyəndə başlayıb.

Ən ciddi ziddiyyət də elə burada ortaya çıxır.

Sənəd yoxdursa, həmin mənzil üzrə heç bir hüquqi proseduru həyata keçirmək olmur. Vətəndaş həmin ünvana qeydiyyata düşə, ailə üzvlərini qeydiyyata sala, mülkiyyət hüququnu rəsmiləşdirə, alqı-satqı, girov, miras kimi hüquqi əməliyyatları icra edə bilmir. Yəni faktiki yaşadığı ev hüquqi dövriyyədən kənarda qalır.

Amma eyni zamanda qanunvericilik qeydiyyatsız yaşamağı inzibati xəta sayır. Qeydiyyatsız yaşayan şəxslər aşkar ediləndə 30 manat cərimə tətbiq olunur.



Beləliklə, absurd vəziyyət yaranır: vətəndaş özündən asılı olmayan səbəblərə görə qeydiyyata düşə bilmir, amma qeydiyyatsız yaşadığı üçün cərimələnir.

Problemin daha ağır tərəfi isə məhkəmə mərhələsində üzə çıxır. Evini aidiyyəti qurumlarda qeydiyyata aldıra bilməyən vətəndaşlara çıxış yolu kimi məhkəməyə müraciət etmək tövsiyə olunur. Lakin bir çox fakt göstərir ki, bu mexanizm də effektiv işləmir. Müəyyən ərazilərdə, məsələn, Binəqədi rayonunda yerləşən evlərlə bağlı müraciətlərə ya aylarla, bəzən illərlə baxılmır, ya da təmin edilmir.


Bu fonda Ali Məhkəmənin inzibati məhkəmələrə qeyri-rəsmi göstəriş verdiyi barədə yayılan məlumatlar xüsusi narahatlıq doğurur. İddialar təsdiqini tapsa, bu artıq vətəndaşın mülkiyyət hüququna çıxış imkanlarının sistemli şəkildə məhdudlaşdırılması demək olacaq.


Və bütün bunlar nəyin fonunda baş verir? - Ölkənin ali rəhbərliyinin bu məsələ ilə bağlı daha fərqli istiqamət göstərdiyi bir vaxtda. Prezident İlham Əliyev son illərdə daşınmaz əmlakın leqallaşdırılması, obyektlərin özəlləşdirilməsi və qeydiyyat proseslərinin sadələşdirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edib. Dövlət başçısı kölgə iqtisadiyyatını azaltmaq, əmlak münasibətlərini şəffaflaşdırmaq məqsədilə amnistiya xarakterli addımlar atır, amma digər qurumlar özəlləşdirmə və qeydiyyat prosedurlarını çətinləşdirir, hətta məhkəmə səviyyəsində analoqu olmayan vəziyyətlər yaranır. Ardınca da kommunal xidmət göstərən qurumlar vətəndaşı təhdid edən açıqlamalar verir.

İndi bu ziddiyyətin içindən vətəndaş necə baş çıxarsın?

Niyə bu siyasi iradə idarəetmənin bütün pillələrində eyni şəkildə tətbiq olunmur? Niyə əmlak qeydiyyatı, yerli icra strukturları, tikinti nəzarəti və məhkəmə sistemi arasında vətəndaş üçün vahid, işlək mexanizm formalaşdırılmır?

Bu mənzərə rayon və kənd yerlərində daha ağırdır. Paytaxtda və iri şəhərlərdə insanlar heç olmasa “çıxarış”, “texniki pasport”, “qeydiyyat” kimi anlayışlarla müəyyən qədər tanışdır və nəyəsə nail olmağa çalışırlar. Kəndlərdə isə vəziyyət daha mürəkkəbdir. Çoxsaylı evlərin ilkin sənədləri ümumiyyətlə yoxdur, torpaqdan istifadə illərlə faktiki əsaslarla formalaşıb, amma bunun hüquqi bazası yaradılmayıb.

Belə şəraitdə kommunal xidmətlərin sənədlə şərtləndirilməsi problemi həll etmir, əksinə, onu daha da dərinləşdirir. Çünki söhbət artıq yalnız tikilinin hüquqi statusundan getmir. Söhbət orada yaşayan insanların suya, işığa, qaza, yəni elementar yaşayış şəraitinə çıxışının məhdudlaşdırılmasından gedir.

Dövlət qurumları əvvəlcə öz aralarında razılığa gəlməlidirlər. Torpaq idarəçiliyi, tikinti nəzarəti, əmlak qeydiyyatı və məhkəmə təcrübəsi arasında illərlə yığılıb qalmış uyğunsuzluqlar aradan qaldırılmalıdır. Bəzi qurumlar arasında gedən gizli çəkişmələr dayandırılmalı, yeni tikintilər ətrafında formalaşmış rüşvət mexanizmi ləğv edilməlidir. Bundan sonra vətəndaşdan nəsə tələb etmək olar.

Yoxsa indiki vəziyyətdə yenə çıxılmaz durumda qalan vətəndaşdır. O, nə evini qanuniləşdirə bilir, nə qeydiyyata düşə bilir, nə də normal yaşayış üçün zəruri kommunal xidmətlərə çıxış əldə edir.

Bu uyğunsuzluq aradan qaldırılmadan tətbiq edilən qadağalar problemi həll etmir. Sadəcə insanları daha da narazı salır, onları qeyri-rəsmi, qanunsuz yollar axtarmağa məcbur edir.

Azər, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar