İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazı vasitəsilə gəmi keçidinə icazə verilmədiyi barədə xəbərdarlıqlar yayılıb.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki. radio kanalları üzərindən edilən bu bildirişdə “boğazdan heç bir gəminin keçidinə icazə verilmir” deyilir, bu isə dünyanın ən vacib neft ixrac yollarının birinin praktiki olaraq bağlanması deməkdir. “Reuters”un xəbərinə görə, bu çağırışları bir neçə gəmi və tankerin aldığı təsdiqlənib, lakin Tehran rəsmi şəkildə boğazın qanuni bağlanmasını hələ elan etməyib.
Hörmüz boğazı, dünya neft ticarətinin təxminən 20 %-nin keçdiyi dar su yoludur və bu hərəkətin dayanması qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yaradır. Neft şirkətləri və tanker operatorları artıq bu səbəbdən bu marşrutla yüklərini göndərməyi dayandırdıqlarını və bir çox gəminin limanlarda gözlədiyini bildiriblər. Avropa İttifaqının “Aspides” dəniz missiyası bu radio xəbərdarlıqlarını təsdiqləyərək gəmi sahiblərini təhlükəsizlik səbəbindən Hörmüz boğazından keçməməyə çağırıb. Bölgədə naviqasiya riskləri artdığı üçün bəzi hökumətlər öz bayraqları altında olan gəmilərə bu su yolundan uzaq durmağı tövsiyə ediblər.
Mütəxəssislər bu vəziyyətin qısa müddətdə neft qiymətlərində yüksəlişə gətirib çıxara biləcəyini bildirir. Alternativ yükləmə marşrutlarının olmaması və bazarda qeyri-müəyyənliyin artması fonunda təchizat zəncirində ciddi əngəllər yarandığı deyilir. Bu çağırışlar İranın son ABŞ-İsrail hücumlarına cavabı kimi qiymətləndirilir və gərginliyin davam edə biləcəyi barədə narahatlıqlar mövcuddur.
Cavid, BakuPost