Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlərin siyahısı genişləndiriləcək.
Bakupost.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsini almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) aşağıdakı sənədləri (skan edərək) və məlumatları da elektron qaydada təqdim edəcək:
- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
- qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
- taksi minik avtomobilləri ilə, habelə qeyri-müntəzəm sərnişin daşımalarına sürücülərün buraxılmasına dair təsdiqedici sənədləri.
Həmçinin, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə alınması üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları da elektron qaydada təqdim edəcək:
- müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə həmçinin:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası.
Qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.
Qeyri-müntəzəm sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılacaq.
Daşıyıcı dedikdə daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu qanunun müvafiq olaraq avtomobil nəqliyyatı ilə kommersiya məqsədli və təsərrüfat ehtiyacları üçün daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşüləcək.
Bildirilib ki, avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar (buraya taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir) sahəsində, xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranıb. Bir tərəfdən qeyri-müntəzəm sərnişin daşımalarına tələbatın artması, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir.
Vurğulanıb ki, hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər (sənədlər) digər daşıma növləri ilə (o cümlədən taksi fəaliyyəti ilə məşğul olma) müqayisədə çox məhduddur və daha az sayda sənədlər tələb olunur. Tələb olunan sənədlər isə əsasən məlumat xarakterli sənədlərdir (buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar, VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları müəyyən edən sənədlər). Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin (sənədlərin) müəyyən edilməsini nəzərdə tutur, hansı ki, bu tələblər sürücünün peşəkarlığının (xüsusi hazırlıq keçməsinin), sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. Bu tələblər hazırda taksi ilə sərnişin daşımalarına və müntəzəm şəhərdaxili, şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına icazə verilməsi zamanı mövcuddur.
Qeyd edilib ki, son dövrlərdə sifarişli daşıma həyata keçirən nəqliyyat vasitələrinin böyük hissəsi buraxılış kartı ilə təmin edilib. Belə ki, ölkədaxili qeyri-müntəzəm sərnişin daşımaları üzrə 3 764 buraxılış vəsiqəsi, 6 322 nəqliyyat vasitəsinə buraxılış kartı verilin. Ölkədaxili yük daşımaları üzrə isə 14 120 buraxılış vəsiqəsi, 43 135 buraxılış kartı verilib. Buraxılış kartı verilmiş nəqliyyat vasitələrinin istismar yaşı yüksək olaraq qalır. Buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün vətəndaşlar tərəfindən “AYNA” İnformasiya sistemində yaradılmış “E-daşıyıcı” altsistemi vasitəsilə müraciət olunur və elektron formada müvafiq icazə əldə olunur.
Sifarişli daşımalarda (xüsusən də sərnişin daşımalarında) istifadə olunan nəqliyyat vasitələrinin orta yaşının 17,6 il olduğu nəzərə aldıqda nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi ilə həmin nəqliyyat vasitələrinin daşıma üçün təhlükəzliyinə tam şəkildə nəzarət etmək mümkün deyil. Ən çoxu 5 sərnişin daşınan taksi minik avtomobillərinə dair texniki, daxili və xarici tərtibatla bağlı tələblər olduğu halda 10-dan çox sərnişin daşıyan sifarişli sərnişin daşımalarında bu tələblərin olmaması daha ciddi təhlükələrə yol aça bilir.
Eyni zamanda qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;
- avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.
Bu tələblər bu qanunda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının vəzifəsi kimi müəyyən olunmuş, həmçinin həmin sığortaların icbariliyi “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda təsbit edilub və qeyd olunan sığortalar həmin fəaliyyətlərin həyata keçirilməsi zamanı hazırda da mövcud olmalıdır. Bu tələblərin əvvəlcədən, yəni icazə verilərkən mövcudluğunun təmin edilməsi isə bu normaların daha işlək olmasına, son nəticədə həmin tələblərə gündəlik fəaliyyətdə əməletmə səviyyəsinin yüksəlməsinə xidmət edəcək.
Təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır.
Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.