Ru
11:57 / 07 Yanvar 2020

Süleymani havasına “oynamaq”...

7928


Jalə Mütəllimova

Ey dirisiylə rusca, ölüsüycə ərəbcə... Dayan görək, tələsmə! Sizi yox, özümü tənbehləyirəm. Çünki danışılası başqa mətləblər var! Başımız bələdiyyə seçkisinə, onun bəzi saxta nəticələrinə, ardıyca parlamentin buraxılmasına, islahatlara, seçkilərə mane olmaq istəyən məmurlara, pullu kişilərə, yenə deputat olmaq arzulayan xalalara, əmilərə, özünə cib deputatı seçdirmək istəyən nazirlərə, köhnə zehniyyətə, geridəqalmış başlarlamübarizəyə eləqarışıb ki, Amerika gözümüzün qarşısında sözünə baxmayan bir iranlı,şiə generalı, Qasım Süleymanini bombardumanda qətlə yetirib.

Evimizin içində, Azərbaycanda, yüzlərlə adam ona yas tutur. Bu əslində SOS siqinalı olmalıdır. Milli ideologiya, milli dəyərlər zədələnib, bu ideologiyanın keşiyində durmalı olan MTN arxivarusluq edib, sabiq başçısının, Eldar Mahmudovun sayəsində. İndi qısa zamanda ciddi qərarlar alınmasa, vəziyyət daha da qəlizləşə bilər. Dörd bir yandan müəmmalı qonşuların əhatəsindədir ölkə. Arabir Türkiyədən səs gəlməsə, Azərbaycana mənəvi ada ölkəsi də demək olar.

Gələk Qasım generala. O, sıradan biri deyildi. Ayağa qalxsa, İranda hakimiyyətə iddia edib istəyinə nail ola biləcək güc idi. Bu mənada bəlkə elə İranda da onun ölümünə sevinən siyasi güclər var, amma dilə gətirmirlər. Çünki arada əbədi düşmən, Amerika faktoru mövcuddur. Əslində, bu olay həm də Amerika gedişidir. Əvvəlcə yırtıcıları yetişdirməyə şərait yaradır, sonra onlardan dünyanı işğal siyasətində alət kimi istifadə edir Amerika. Ben Laden nümunəsini yəqin ki, hamı xatırlayır. İndi Qasım Süleymani qətlində məqsəd İranı yeni müharibəyə cəlb etməkdir. Anlaşılmayan o ki, İran-Amerika qovğasında qətl edilən generalın olayı bizi, azərbaycanlıları niyə yerindən oynadıb. Yasxana qurub, ehsan verirlər Qasım generala? Tolerant dövlətin islami təriqət sayılan şiə “ehtiraslı” olması kimə və niyə lazımdır? Azərbaycanı hara və niyə təqdim etmək istəyirlər? Bunu məhz qatı təriqətçi, islamçı dövlət görüntüsü yaradaraq etməkdə alt məqsəd nədir? Dünya gücləri Azərbaycandan nə istəyir? Cavab bəllidir, Azərbaycanı.

Xatırlamış olarsınız, bir neçə il əvvəl BMT mavi beretlilərinin İran-Azərbaycan sərhəddinə yerləşdilirməsi məsələsi gündəmdə idi. Guya, dünyaya İrandan nüvə təhlükəsi var idi. Azərbaycan bu təklifi rədd etdi, çünki ABŞ-ın hədəfi bəlli idi, İran günlərin birində Azərbaycandan vurulacaqdı.

Ardıyca Gürcüstanla münasibətlərdə problem yaratmağa cəhdlər oldu. Bu istiqamətdə Keşikçidağ olayı ən son cəhdlərdən sayıla bilər. Bu da alınmadı.

Rusiya ilə münasibətlərdə gərginlik yaşatmağa çalışdılar, baş tutmadı. Bir dönəm Türkiyəylə münasibətlərə sərinlik gəldi. Sonradan məlum oldu ki, Dağlıq Qarabağa Ermənistandan yol alan türk şirkətlərinin başında, əslində, erməni əsilli adamlar dayanırmış. Yəni bu cəhd də lazımı nəticə vermədi.

Qaldı bir din faktoru. Daha qatı islami təriqətləri əldə alət etmək. Daha dəqiqi, əksəriyyətini müsəlmanlar təşkil edən ölkəni qatı, radikal dini qruplaşmalara, onların ayrı-ayrı liderlərinə bağlamaq. Bu mənada “quyruqları” tez-tez Nardaranda görünür. İndi Qasım Süleymaninin qətli ilə bu prosesi bir qədər də dərinləşdirməyə cəhdlər var.

Bu ölümdən dolayı başsağlıqları, ehsanlar verilir. Yas məclisləri qurulur, sosial şəbəkələrdə müəmmalı mərsiyəxanlar peyda olub, adam xoflanır. Dini tolerantlıq təbliğ edən bir ölkədə bu qədər fanatın olması və ya olması görüntüsünü yarada biləcək qədər güclərin olması ciddi amildir.

Adam hərdən düşünür ki, biz niyə çeçenlər kimi ola bilmirik-millətçi, dövlətçi. Onlar bir ovuc idi, amma Rusiya boyda imperiyaya sinə gərdilər...

Niyə türklər kimi ola bilmirik, ən cahil adamları belə dövlət, vətən, bayraq deyir, pəyədə yaşasa da...

Bir yanımız İran, bir yanımız Rusiya, bir tərəf Ermənistan. Okeanın o tayında Amerika, bir az bəridə Avropa. Hədəfdə olan Azərbaycan. Yanında da bir Türkiyə. İndi “ey dirisiylə rusca, ölüsüylə ərəbcə danışan millət”, sənə “bizə Avropa lazım deyil” deyən dili anlayır, mənzərəni görürsənmi? Özün olmağın nə qədər vacib olduğunun fərqinə vara bilirsənmi? Düşmənin “burnunun dibinəcən” girməsindən xəbərdar oldunmu? Adına ağı deyəcəyin o qədər generalın, əsgərin ola-ola səni bir iranlı generala görə dünya niyə ağladır, başa düşə bildinmi? Millət və dövlət olaraq darda olmanın fərqindəsənmi? Avropadan cırıq paltar, Amerikadan yalançı demokratiya, farsdan şiə fanatlığı, rusdan şərab vurmaq, ermənidən gədalıq dərsi almağa aparırlar səni, anlaya bilirsənmi? Bunca yaşanan faciələrində, farsca, rusca, ingiliscə bircə ağı eşitdinmi? Eşitdiyin bir türkcə başsağlığı oldu, o da yavaşca, vəssalam! Unutma, sən bir əsrdə iki dəfə öz dövlətini qurmuş millətsən! Sən faciələrdən diri çıxan məhv olmayan millətsən! Özünü sev! Yox, əgər bütün bunlardan sonra yenə də farsın generalını ağlayacaqsansa, buna sözüm olmaz...Mirzə Ələkbəri xatırlayıram bircə misrası ilə: “Elə bərk yuxula ki, hətta get özündən”...

Çünki qəflətdən ayılmayan milləti həmişə kiminsə ölüsünə ağladıb, dirisinə çəpik çaldıracaqlar, özünü özünə unutduracaqlar.
Bu arada vətəndaş mövqeyimi də deyim biləsiniz, Tovuzda on bir yaşlı qızın əmisi oğlu və əmisi tərəfindən oğurlanıb qətl edilib, nəşinin yandırılması, bir neçə gün gizli saxlanılması, mənim üçün Qasım generalın ölümündən daha böyük faciə idi. Çünki onun mücadiləsində onlarla belə körpələr qətl edilib. Bilərəkdən, ya bilməyərəkdən, fərq etməz. Böyük başların körpə qurbanları olub o balalar. Bu üzdən mən özümüzə ağlamağın, özümüzlə gülməyin, özümüz olmağın tərəfdarıyam, bəs siz?!..

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər