Azərbaycanda yolda sürət həddini aşmağa görə cərimələr artırılır. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Milli Məclis Məcəlləyə dəyişiklikləri I oxunuşda qəbul edib.
Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat cərimə var idi.
Beləliklə, sürət həddini aşmağa görə cərimələr 50 manat artırılır.
Bəs, sürət həddinə görə cərimələrin artırılması nə ilə əlaqədardır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bakupost.az -a açıqlamasında bildirib ki, cərimələrin artırılması qayda pozuntuları ilə mübarizə aparmağın bir metodudur.
Ekspertin sözlərinə görə, bəzi insanlar radarların yerini bəlkə də öz evinin ünvanından daha dəqiq tanıyır:
"Yol hərəkəti təhlükəsizliyinə yanaşma kompleks xarakter daşımalıdır. Qəzaların baş verməsi hər zaman təhlil olunur. Yol nəqliyyat hadisələri təhlil olunarkən, əsas məqam sürət həddinin aşılması, qırmızı işıqda, əks istiqamətdə keçmək, narkotik vasitələrin təsiri altında maşının idarə edilməsidir. Bəzi qəzalar aşağı sürətli yolda maşının yüksək sürətlə idarə edilməsi ilə bağlıdır. Həmin yollarda avtomobillər müəyyən olunmuş sürətlə hərəkət etsə, qəzadan qurtulmaq mümkündür. Bir neçə gün bundan əvvəl Bibiheybət məscidinin yanında avtomobil reklam dirəyinə çırpıldı və iki yerə bölündü. Nəticədə iki qardaş öldu. Çünki sürət yüksək idi. Adi halda o yolda ölüm hadisəsi baş verməli deyildi. Gördüyünüz kimi, sürət ölüm gətirir. Eyni zamanda sürət rejiminə nəzarət üçün stansionar radarları artıq mobil radarlarla əvəz etmək lazımdır. İndi bəzi naviqasiya proqramları var ki, orda radar barədə informasiya verilir. Qayda pozmayan və sürət həddi aşmayan heç kim cərimələrin artırılmasından narahat olmasın. Bu gün bəzi media orqanları məsələni siyasiləşdirməyə çalışırlar. Bildirirlər ki, kasıbın aylıq maaşı 300 manatdır, cəriməni də qaldırıb 300 manat ediblər. Kasıb və ya varlı fərq etmir, 100 yazılan yolda 200 ilə sürmək olmaz”.
Elməddin Muradlı qeyd edib ki, qayda pozuntuları ilə mübarizə aparmaq istəyiriksə, mənəvi cəzaları da işə salmalıyıq:
“100 km/saat sürət həddi müəyyən edilmiş yolda sürücü 200 sürətlə ilə gedir. Bunu edən vətəndaş ya puluna güvənir, ya həqiqətən ciddi bir hadisə baş verib, ya da onun psixoloji problemi var. Normal adam 100 swr'tin icaz' verildiyi yolu 200 ilə getməz. Belə hallarda aidiyyatı qurum maddi cəzadansa o adamları mənəvi cəzaya məhkum etməlidir. Bu təklif gec-tez qüvvəyə minəcək. Mənəvi cəza nə ola bilər? Bu adamlar psixoloji müayinəyə cəlb olunmalıdır. Sürət həddini aşanları dəlixanadan arayış almaq məcburiyyətində buraxmaq lazımdır. Başa düşürük ki, onlar dəli deyil. Amma bu sistem qurulmalıdır ki, həmin insanlar xəcalət çəksin. Göndərirsən ki, get, dəlixanadan arayış gətir. Gətirir ki, dəli deyiləm. O zaman həmin şəxsi psixoloq yanına yönləndirmək lazımdır. Yəni dəli deyilsənsə, onda sənin psixoloji problemin var. Yəni sən normal, olsan bu qədər sürətlə sürüb nə öz həyatını, nə də başqasının həyatını təhlükəyə atmazsan. Bu sənədləri gətirənə qədər o adam elə vəziyyətə düşər ki, bir də heç vaxt sürət həddini aşmağı ağlına gətirməz”.

İqtisadçı ekspert Rəşad Həsənov isə cərimələrin sərtləşdirilməsinin büdcəyə daxilolmaların artırılmasına hesablandığı barədə versiyanı şərh edib.
O, hesab edir ki, əslində cərimələrin artırılması daha çox aidiyyatı qurumların yol hərəkətinin təhlükəsizli üçün apardığı mübarizənin nəticəsizliyi, cərimələrin təsir gücünün zəif olması ilə bağlıdır:
“Cərimələrin artırılmasının kifayət qədər fərqli səbəbləri var. Ən başlıca səbəb cərimələrin təsiredici gücünün zəif olması və bunun nəticəsində qanun pozuntusu hallarının çoxalmasıdır. İddia etmirəm, amma cərimələrin artırılmasında kiçik məqsədlərdən biri də hansısa formada bu mənbələrdən daxilolmaların artırılmasına nail olmaqdır. Əslində dövlətin gəlirləri resurs hesabına kifayət qədər təmin olunduğu üçün bu kimi məqamlara ciddi diqqət edilmir. Təbii ki, cərimələrin artırılması müddətli dövrdə təsir göstərəcək. Çünki hər bir məsələnin alternativ xərci var. Vətəndaş öz davranışına nəzarət üçün seçimlər edir və bu seçimlərin nominal dəyəri var. Amma qısa müddətdə belə bir nəticə verməsi çox erkəndir. Həmçinin, cərimələrin artırılması məsələsini maşın sayının azalması ilə əlaqələndirmək hələ ki tezdir. Söhbət son 3-4 gündə baş verən hadisələrdən, gedirsə bunun kökündə bəzi orta məktəblərdə tədris prosesinin qismən başa çatması dayanır. Baxmayaraq ki, tədris ayın 15-nə kimi davam edir, amma faktiki olaraq uşaqlar məktəbə getmirlər. Bu səbədən yolalrda hərəkət sıxlığında azalma müşahidə olunur”.
Əfsanə Rəcəb
BakuPost