Şuşa Musiqili Dövlət Teatrında “Söz Körpüsü” layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Bakupost.az xəbər verir ki, tədbir Sabir Rüstəmxanlının ömür yoluna həsr olunmuş qısa video-tanıtımla başlayıb.
Daha sonra rejissor, bədii qiraət ustası Kamran Yunis, Xalq artisti Eldost Bayram, aktrisa Zemfira Əbdülsəmədova, Əməkdar artist Nazir Rüstəmov şairin şeirlərini səsləndiriblər. Yazıçılar Birliyinin katibi Rəşad Məcid, KXCP sədri Mirmahmud Mirəlioğlu və millət vəkili Tənzilə Rüstəmxanlı çıxış edərək Xalq şairini təbrik ediblər.
Bədii rəhbər və xoreoqraf Kəmalə Rəcəbovanın quruluşunda “Azərbaycan ritmləri” rəqs ansamblı Sabir Rüstəmxanlının sözlərinə yazılmış “Zəfər nəğməsi” mahnısı ilə rəqs kompozisiyası nümayiş etdirib.
Tədbirdə Sabir Rüstəmxanlının “Səni Vətənə bənzədirəm” şeirinə İlhamə Adilqızının bəstələdiyi mahnı Aynur İsgəndərli tərəfindən ilk dəfə səsləndirilib.
Daha sonra Şuşa Musiqili Dövlət Teatrının hazırladığı kompozisiya nümayiş etdirilib. Musiqiçilər: Bəxşeyş Mehdiyev, Ozal Məmmədxanlı, Elmar Ələkbərov, Elçin Niftəliyevin kompozisiyasında xalq artisti Şükufə Musayeva, Emin Sevdimaliyev, Rasəf Mehdiyev, Bahar Həmzəyeva və şair-aktrisa Banu Məhərrəm Sabir Rüstəmxanlının şeirlərini səsləndirib.
Humay Azadqızının pianoda müşayiəti ilə Müşfiqə Baləddinqızının ifasında şairin şeirləri xüsusi maraqla dinlənilib. Tədbir zamanı xalq şairinin nəvələrinin səsləndirdiyi şeirlər yubilyarın özü üçün də xoş gözlənilməzlik olub.
Daha sonra Sabir Rüstəmxanlı çıxış edərək hər kəsə minnətdarlığını bildirib. Tədbirin sonunda “Türkün sarsılmaz gücü” yarışının qalibləri mükafatlandırılıb.