Son zamanlar Hindistan da Rusiya ilə Ukrayna arasında münasibətlərdə vasitəçilik etmək niyyətinə düşüb.
Yeni Dehli xüsusən də Qara dənizdə təhlükəsiz naviqasiyanın bərpası, ərzaq dəhlizlərinin açılması və kritik infrastruktura hücumların dayandırılması istiqamətində Rusiya və Ukrayna arasında aktiv vasitəçilik təşəbbüslərilə çıxış etməyə başlayıb.
2026-cı ilin payızında intensivləşən bu diplomatik fəaliyyət çərçivəsində Dehli həm Moskva, həm də Kiyevlə birbaşa təmaslar qurub.
Ukrayna Prezidenti Volodimir Zelenski və Hindistanın Baş naziri Narendra Modi arasında 2026-cı il noyabrın 9-da baş tutan telefon danışığından sonra Hindistanın Qara dənizdə ərzaq dəhlizlərinin yaradılmasında vasitəçilik etməyə hazır olduğu açıqlanıb. Bu addım Qara dəniz limanlarının blokadası nəticəsində qlobal bazarlarda yaranan taxıl və günəbaxan yağı çatışmazlığını aradan qaldırmağa hədəflənib.
Dehlinin vasitəçilik missiyasında görəsən məqsədi nədir?
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu
“Bakupost”a bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin Qara dənizə yayılması bölgədə gərginliyin miqyasını artırmaqla yanaşı qlobal ərzaq təhcizasına da mənfi təsir edib:
“Müharibəyə qədər Ukrayna Qara dəniz vasitəsilə qlobal buğda ixracının onda birini, qarğıdalı ixracının isə 15 faizini təmin edirdi. Təchizat zəncirindəki pozulmalar ən çox ərzaq idxal edən ölkələrə, xüsusilə Afrika və Asiyanın bəzi hissələrinə ağır zərbə vurub. Qara dəniz qarşılıqlı liman müharibəsi meydanına çevrilib. Rusiya Ukraynanın taxıl ixracının təxminən 90 faizinin həyata keçirildiyi Odessa limanlarına zərbələri gücləndirib, Ukrayna isə öz növbəsində Rusiyanın taxıl terminallarını hədəf alıb. “Reuters” agentliyinin məlumatına görə, avqustun ortalarına qədər gəmilərə qarşı həyata keçirilən hücumlar Rusiya və Ukraynanın Azov və Qara dəniz hövzələrindəki taxıl ixracı imkanlarının 97 faizdən çoxunun dayanmasına səbəb olub.
Ukrayna Prezidenti Vladimir Zelenski noyabrın 9-da Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra bildirib ki, Yeni Dehli Qara dəniz vasitəsilə “ərzaq dəhlizləri”nin yaradılmasına vasitəçilik etməyə hazırdır. Bu bəyanat, ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçiriləcək danışıqlar ərəfəsində səslənib”.
Ekspert qeyd edir ki, Qara dənizdəki gərginlik Hindistana da ziyan vurur:
“Noyabrın 3-də Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar nəticəsində beş Hindistan vətəndaşı həlak olub, daha iki nəfər isə itkin düşüb.
Qara dənizdəki gərginlik həmçinin Hindistanda günəbaxan yağının çatışmazlığına səbəb olub. Hindistan dünyanın ən böyük bitki yağı idxalçısıdır və günəbaxan yağının böyük hissəsini Rusiya və Ukraynadan alır. Sentyabr ayında ölkənin bitki yağı idxalı 7 faiz azalıb. “Reuters”in məlumatına görə, bu 2022-ci ilin aprelindən bəri qeydə alınan ən aşağı göstəricidir. Oktyabr ayında liman infrastrukturuna dəymiş ziyan səbəbindən Rusiyadan Hindistana göndərilməli olan yüklərin böyük hissəsinin daşınması ləğv edilib, digər yüklərin çatdırılması isə gecikdirilib.
Yeni Dehli Qara dəniz mövzusunu Kremllə də mütəmadi müzakirə edir. Ancaq hələ ki, nəticə yoxdur. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar sentyabr ayında Kiyevə səfəri zamanı Qara dənizdə gəmiçiliyə və enerji infrastrukturuna zərbələrin dayandırılması vacibliyindən danışıb. Hindli diplomat oktyabrın 4-də Hindistanın həm Rusiya, həm də Ukrayna ilə gəmiçiliyin təhlükəsizliyi, taxıl və enerji ixracı, eləcə də “hücumların dayandırılması imkanları” barədə danışıqlar apardığını açıqlayıb”.
Bu canlanma müsahibimizə görə, Hindistanın sözügedən prosesdə daha fəal mövqe tutmağa çalışdığına işarədir:
“Beynəlxalq Böhran Qrupu”nun (International Crisis Group) Hindistan üzrə baş analitiki Praveen Donthi “Al Jazeera”ya bildirib ki, “Hindistan son vaxtlar səssizcə fəallaşıb”. O əlavə edib ki, əvvəllər Hindistan “vasitəçilik rolu oynamaqdan çəkinirdi” və yalnız “diplomatiya və dialoqa dair ritorik çağırışlarla” kifayətlənirdi. Onun sözlərinə görə, Cayşankarın sentyabr ayındakı səfəri ölkənin daha fəal mövqe tutduğunun göstəricisidir”.
Politoloqun fikrincə, Yeni Dehli müharibənin dayandırılması məqsədilə konkret təkliflər irəli sürməklə Hindistanın geosiyasi çəkisini artırmaq istəyir:
“ABŞ Prezidenti Donald Tramp "Hindistanı Rusiya neftini almaqla Rusiyanın müharibə səylərini maliyyələşdirməkdə" ittiham edib. Hindistan Rusiyanın ucuz neftindən imtina etmək istəmir. Onlar Rusiya neftini almaqla yanaşı, müharibənin dayadırımasında maraqlı olduğunu da göstərməyə çalışır. Bu əsasda da Yeni Dehli Hindistanın geosiyasi çəkisini artırmağa çalışır”.
Rüfət Sultan,
BakuPost