Bakıda 2026-cı ilin oktyabrında avtobuslarla 53,9 milyon sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faizdən çox artım deməkdir. Sərnişin sayındakı yüksəliş ictimai nəqliyyata tələbatın artdığını göstərsə də, avtobuslarda sıxlıq, gözləmə müddəti və marşrutlarla bağlı narazılıqlar hələ də qalır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov
“Bakupost”a bildirib ki, avtobuslarla sərnişindaşımanın artması təsadüfi deyil. Son illərdə təkcə Bakıda deyil, ölkənin digər şəhərlərində də ictimai nəqliyyatda yenilənmə prosesi gedir. Köhnə avtobuslar daha komfortlu, təhlükəsiz, rahat və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə əvəz olunur. Eyni zamanda, avtobus parkı genişləndirilir.
Onun sözlərinə görə, komfortlu və təhlükəsiz avtobusların istifadəyə verilməsi bəzi vətəndaşları müəyyən səfərlərdə şəxsi avtomobil və taksi əvəzinə ictimai nəqliyyata üstünlük verməyə sövq edir.
Ekspert şəhərlərarası avtobus daşımalarında da müsbət dəyişikliklərin olduğunu qeyd edib. Onun sözlərinə görə, təkcə Bakı Beynəlxalq Avtovağzalının deyil, digər şəhərlərdəki avtovağzalların fəaliyyəti də optimallaşdırılıb. Sərnişinlərin və avtobusların qəbulu, yola salınması, bilet satışının şəffaflaşdırılması istiqamətində yeniliklər tətbiq olunub. Mobil tətbiqlər vasitəsilə biletlərin alınması və qaytarılması imkanlarının yaradılması da vətəndaşların avtobus nəqliyyatına marağını artırır.
Eldəniz Cəfərov bildirib ki, Bakıda əhalinin sayının artması nəqliyyat təminatını çətinləşdirir. Nə qədər yeni avtobus gətirilsə və köhnələri yeniləri ilə əvəz olunsa da, artan əhalinin nəqliyyat ehtiyaclarına uyğunlaşmaq asan deyil.
Bununla belə, ekspert yeni avtobusların gətirilməsi prosesinin sürətləndiyini vurğulayıb. Onun sözlərinə görə, il ərzində ən azı 300 yeni avtobus marşrutlara buraxılır.
Ekspert daşıyıcı şirkətlər üçün də əlverişli şərait yaradıldığını bildirib. Onun sözlərinə görə, qanunvericilik və müvafiq dövlət qurumlarının stimullaşdırıcı addımları şirkətlərin avtobus parkını yeniləməsinə imkan yaradır.
E.Cəfərov qeyd edib ki, dövlət tərəfindən marşrutlara buraxılan yeni ekoloji təmiz avtobuslarla yanaşı, özəl daşıyıcı şirkətlər də hər il ölkəyə yeni avtobuslar gətirirlər. Özəl şirkətlərin gətirdiyi avtobusların sayı dövlət tərəfindən gətirilənlərin təxminən yarısına çatır, bəzi hallarda isə bu göstəriciyə bərabər olur.
Ekspert bunu özəl daşıyıcıların nəqliyyat sektorunun onlar üçün gəlirli ola biləcəyini düşünməsinin və bu sahəyə investisiya yatırmağa maraq göstərməsinin göstəricisi hesab edir.
Vüsalə Hüseynova,
BakuPost